MDU-da Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Xocalı – faciədən doğan intiqam” mövzusunda dəyirmi masa keçirilib
2025-ci il fevralın 26-da Mingəçevir Dövlət Universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalı – faciədən doğan intiqam” mövzusunda dəyirmi masa keçirilib.
Universitetin Hümanitar fənlər kafedrasının Tarix Elmi Dərnəyinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada MDU-un bir qrup müəllimi, Təhsil və Mühəndislik fakültələrinin tələbələri iştirak edib .
Əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimiz və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən MDU-un Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova tarixin müxtəlif mərhələlərində ermənilərin xalqımıza qarşı ən qəddar üsullardan istifadə etməklə törətdikləri kütləvi qırğınlar və soyqırımlar barədə danışaraq Xocalı faciəsini insanlığa qarşı ən ağır cinayət kimi səciyyələndirdi. O, həmçinin bildirib ki, Xocalı soyqırımının tanınması, beynəlxalq aləmdə bu cinayətə hüquqi qiymətin verilməsi və Xocalı soyqırımını törədən şəxslərin mühakimə olunması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.
Açılış nitqindən sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Dəyirmi masada iştirak edən Xocalı soyqırımının şahidi Humanitar Fənlər kafedrasının müəllimi Tahirə Quliyeva hadisə ilə bağlı acı xatirələrini iştirakçılarla bölüşüb.
Sonra dəyirmi masanın proqramına uyğun olaraq tələbələr Xocalı soyqırımını tarixi-siyasi aspektdən təhlilindən ibarət – Təhsil fakültəsinin tələbələrindən Mehriban Qarayeva “Xocalı soyqırımına aparan yola siyasi-tarixi baxış”, Aytən Mirzəlizadə “Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindəndir”, Sənan Mehdiyev “Xocalı soyqırımının hüquqi təhlili”, Tamella Qurbanova “Ümummilli Lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına siyasi qiymətin verilməsi”, Nahidə Yusifova “Tarixi qələbəmizlə Xocalı qətliamının günahsız qurbanlarının qisası alındı”, İlahə İbrahimova “Xocalıya, Qarabağa “Böyük Qayıdış” Azərbaycan dövləti üçün prioritet məsələdir” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsumovun “Xocalı faciəsi bizim qan yaddaşımızdır” adlı məruzəsi isə video formatda dəyirmi masa iştirakçılarına təqdim olunub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.