2023-cü il mayın 12-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan olimpiadanın ilkin mərhələsində tələbələr vergilər sahəsində öz bilik və bacarıqlarını sınayıblar.
Diqqətə çatdırılıb ki, olimpiada, seçim və yekun turdan ibarət olmaqla, iki mərhələdə keçirilir. Seçim turu mərhələsi DVX-in Tədris Mərkəzi tərəfindən vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun hazırlanaraq təqdim edilmiş test sualları əsasında aparılıb. Seçim turunda hər ali təhsil müəssisəsi üzrə 50-dən yuxarı ən yüksək bal toplamış 5 tələbə yekun turda iştirak etmək hüququ qazanacaq. Olimpiadanın yekun turunun DVX-nin Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında 2023-cü ilin iyun ayında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd “Heydər Əliyev İli”ndə ali təhsil müəssisələrinin tələbələri arasında vergitutma sahəsində biliklərin aşılanması, habelə vergi sahəsinə marağın artırılmasıdır.
Şərhlər bağlıdır.