Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da “Velo Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsi təqdim olundu

70 tələbəyə velosiped təqdim edildi, sağlam və ekoloji yönümlü kampus hərəkatına start verildi

39

16 noyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində “Velo Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimatı keçirilib. Layihə MDU-nun “2030 İnkişaf Strategiyası” və “Yaşıl Kampus” konsepsiyasına uyğun olaraq, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının tərəfdaşlığı ilə reallaşdırılıb.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov, MDU-nun rektoru Anar Eminov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mingəçevir şəhər Təhsil Sektorunun rəhbəri Sevinc Həsənova, eləcə də digər rəsmi qonaqlar, universitetin akademik heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Layihə çərçivəsində seçilmiş 70 fəal qız tələbəyə velosipedlər təqdim olunub. Onlar sentyabr ayından başlayan seçim mərhələsində maarifləndirici təlimlər, velosürüş kursları və müxtəlif turlarda iştirak edərək bacarıqlarını təkmilləşdiriblər.

“Velo Park” təşəbbüsünün əsas məqsədi tələbələr arasında fiziki aktivliyi artırmaq, sağlam həyat tərzini təşviq etmək, gender bərabərliyinə dəstək vermək və kampusda ekoloji şüuru gücləndirməkdir. Layihənin ərsəyə gəlməsinə göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təşəkkür edilib.

Tədbirdə bir sıra tələbələrə və təşkilatçılara Təşəkkürnamələr təqdim olunub. Daha sonra nazir Fərid Qayıbov veloyürüşdə iştirak edən gənclərlə xatirə fotoları çəkdirib.

MDU rəhbərliyi bildirib ki, dünya təcrübəsinə əsaslanaraq universitetdə region səviyyəsində davamlı veloinfrastrukturun qurulması hədəflənir. “Velo Park” layihəsi universitetdə sağlam, yaşıl və aktiv kampus hərəkatının başlanğıcı hesab olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.