2023-cü ilin noyabrın 7-də Mingəçevir Dövlət Universitetində (MDU) Gənclər Fondunun dəstəyi, ATGTİ, “İrəli” İctimai Birliyi və MDU Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Bayraqdar” adlı layihə çərçivəsində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Layihənin əsas məqsədi gənclər arasında qəhrəman qazi və döyüşçülərimizin tanıdılmasıdır.
Görüşdə MDU-nun bir qrup əməkdaşı, tələbə və magsitrantları iştirak edib.
Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himini səsləndirilib.
Görüşdə giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov və TGT sədri Pənah Kərimov 8 Noyabr- Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Bildirilib ki, şanlı Zəfərin əldə olunmasında şəhidlərimizin, qazi və veteranlarımızın misilsiz xidmətləri olub. Qəhrəman əsgər və zabitlərimizin şücaətinin gənclər arasında təbliğinin önəmi diqqətə çatdırılaraq tədbirin təşkilində əməyi olanlara təşəkkür bildirilib.
Sonra Vətən müharibəsi iştirakçıları – MDU əməkdaşı Mahir İsmayılov, Namiq İbrahimli və Elmar Allahyarlı 44 günlük tarixi Zəfər yürüşündə keçdikləri şərəfli döyüş yollarından, hərbçi yoldaşlarının göstərdikləri qəhrəmanlıqlardan, müzəffər Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən danışıb, bunlarla bağlı xatirələrini bölüşüb və iştirakçıların suallarını cavablandırıblar.
Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. .
Sonda xatirə şəkilləri çəkilib.
Tədbirdən sonra Vətən müharibəsi iştirakçıları ilə görüşən MDU-nun rektoru Şahin Bayramov tələbə gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edən tədbirdə iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirib.
Şərhlər bağlıdır.