2022-ci ilin 23-24 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “İnnovativ texnologiyalar: rəqəmsallaşdırılmış informasiya cəmiyyətinin inkişafı və perpektivləri” mövzusunda elmi seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan birgə seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Seminarın açılışında MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev və AzTU-nun Tədqiqat və İnkişaf şöbəsinin müdir müavini Natəvan Namazova çıxış edərək tədbirin başlıca məqsədini, mövzunun aktuallığını və əhəmiyyətini diqqətə çatdırıblar.
Sonra proqrama uyğun olaraq məruzələr dinlənilib.
AzTU-nun akademik heyət üzvlərindən Məryəm Cavadova “DDos hücumları və onların qarşısının alınması yolları”, Şəhla Əliyeva “Ənənəvi ERP (Enterprise Resourse Planning) sistemindən ERP sisteminə keçidə təsir edən amillər”, Türkel Qaraşlı “Kiber insidentlərin baş vermə mərhələsində kibertəhlükəsizlik texnologiyaları və onlardan istifadə üsulları”, Əfsanə Yusifzadə “Sosial mühəndislik təhdidlərinin müəyyən edilməsi və qarşısının alınması”, Anar İsmayılov “Kommersiya banklarının informasiya infrastrukturunun antivirus müdafiə sisteminin təşkili” mövzusunda məruzələrlə çıxış ediblər.
MDU-nun əməkdaşlarından Zemfira Əliyeva “İnformasiya-telekommunikasiya texnologiyalarının Azərbaycan faktoru”, Məryəm Əsədova “Rəqəmsal informasiya əsri: rəqəmsal cəmiyyət, rəqəmsal transformasiya və rəqəmsal təhsil”, Validə Nuriyeva “İnformasiyalaşdırılmış cəmiyyət: BİG DATA HADOOP platforması”, Nərmin Əhmədova “Süni İntellekt və maşın öyrənməsi arasındakı fərqlər”, Şəbnəm Nəsirova “Bulud texnologiyalarında kibertəhlükəsizlik: imkanlar və perspektivlər”, Günel Baxşıyeva “IOT texnologiyaları: IT bazarında mövqeyi və perspektivləri” mövzsunda məruzələrini təqdim ediblər.
Hər iki universitetin müəllim və tələbə kollektivi tərəfindən maraqla qarşılanan birgə seminarda məruzələr ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da akademik və elmi potensialın inkişaf etdirilməsi məqsədilə qabaqcıl yerli və xarici tərəfdaş universitetlərlə birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.