2022-ci ilin sentyabr ayında Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə “Tyutor xidməti” təlim proqramları təşkil edilib. Proqram çərçivəsində MDU-nun təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən “Bolonya prosesi haqqında ümumi məlumat”, “Kredit sisteminin mahiyyəti və məzmunu”, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarında əsas anlayışlar”, “Tədrisin təşkili və idarə olunması”, “Akademik məsləhətçi (tyutor) xidməti”, “Tələbələrin hüquq və vəzifələri”, “Yay məktəbinin təşkili”, “Tələbə və müəllim mobilliliyi” və “Təqdimatların hazırlanması” mövzusunda təlimlər keçirilib.
2022-ci ilin oktyabrın 14-də MDU-nun rektoru Şahin Bayramov təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılarla görüşüb.
Görüşdə tədrisin səmərəli təşkili və idarə olunmasında tyutor xidmətinin önəmindən danışan rektor bu istiqamətdə müvafiq bilik və bacarıqların davamlı şəkildə yenilənməsinin vacibliyini vurğulayıb və təlim proqramının əhəmiyyətini diqqətə çatdırıb. Mingəçevir şəhəri ilə yanaşı, ətraf rayonlardan da sözügedən proqrama qatılanların olduğunu diqqətə çatdıran Ş.Bayramov təlimlərə maraq və diqqətin artmasından məmnunluğunu bildirib. Təlimlərin təşkilində əməyi olan bütün akademik, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirən rektor proqramı müvəffəqiyyətlə bitirmələri münasibətilə iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb.
Sonda, təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da təhsilalanlara göstərilən ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə əməkdaşların, o cümlədən tyutorların müasir tələblərə uyğun bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verilir. Ənənəvi olaraq, hər tədris ilinin başlanğıcında MDU-da “Tyutor xidməti” təlimlərinin keçirilməsi nəzərdə tutulub.
Şərhlər bağlıdır.