Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da növbəti “Açıq qapı” günü keçirilib

13

2023-cü il iyunun 14-də Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

Hibrid formada təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Təşkil edilmiş görüşdə universitetin inzibati heyət üzvləri də iştirak ediblər.

Görüş iştirakçılarını salamlayan rektor hazırda üçüncü həftəsi davam edən imtahan sessiyası haqqında ətraflı məlumat verib. İmtahanların obyetkiv, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edən Ş.Bayramov bu işlərdə əməyi olan universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib, tələbə və magistrantlara imtahanlarda uğurlar arzulayıb. Ötən həftə MDU-da böyük təntənə və coşqu ilə Məzun Gününün keçirildiyini qeyd edən rektor cari il universitetdən məzun olacaq tələbələrə təbriklərini və xoş arzularını çatdırıb.

Səmimi formatda keçirilən görüşdə tələbə və magistrantlar çıxış edərək imtahanların təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə universitet rəhbərliyinə və professor-müəllim heyəti üzvlərinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, MDU-da imtahan sessiyası çərçivəsində hər həftə keçirilən “Açıq qapı” günündə universitet rəhbərliyinin tələbə, magistrant və onların valideynləri ilə görüşləri imtahanlarla bağlı yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyır.

Şərhlər bağlıdır.