2023-cü il noyabr 6-da Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə “Tarixi Zəfərdən güc alan nur mənbəyi: Mingəçevir” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası şəhər təşkilatının nümayəndələri, təhsil sektorunun əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak edib.
Əvvəlcə, universitetin həyətində tələbələrin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Ulu öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransın açılışında Mingəçevir ŞİH-nin başçısı İlham İsmayılov və MDU-nun rektoru Şahin Bayramov çıxış edərək Mingəçevirin 75 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.
Şəhərin şərəfli və dinamik inkişaf yolu keçdiyini bildirən İ.İsmayılov ümumilli lider Heydər Əliyevin Mingəçevirə hər zaman yüksək diqqət və qayğı göstərdiyini qeyd edib. Vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən aparılan quruculuq və abadlıq işləri sayəsində Mingəçevirin siması tamamilə dəyişib, müasirləşib və gözəlləşib.
MDU-nun şəhərin ictimai həyatında fəal rol oynadığını və regionun elm mərkəzinə çevrildiyini diqqətə çatdıran İ.İsmayılov universitetin beynəlxalq əlaqələrini genişləndirməsini, çoxsaylı elmi konfranslar və tədbirlər keçirməsini, potensialını davamlı gücləndirməsini və alimlərinin sayını artımasını Mingəçevirin inkişafına töhfə olaraq dəyərləndirib. Yenilikçi və fəal təşəbbüskarlığı ilə MDU-nun Mingəçevirin uğurlarında pay sahibi olduğunu bidirən İ.İsmayılov bu ali təhsil müəssisəsində şəhərin yubileyinə həsr olunan konfransda iştirak etməkdən məmnunluğunu bildirib və tədbirin təşkilatçılarına təşəkkür edib.
Mingəçevirin energetiklər, ziyalılar, gənclər şəhəri hesab edilməsi ilə yanaşı, həm də qəhrəmanlar şəhəri olduğunu vurğulayan Ş.Bayramov qeyd edib ki, hər iki Qarabağ müharibəsində iştirak etmiş və böyük şücaət göstərmiş igid övladlar sırasında Mingəçevirin, eləcə də MDU məzunlarının təmsil olunması qürurvericidir. Bildirib ki, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin sonsuz sevinc hissləri ilə şəhərin yubileyinin qeyd edilməsi olduqca əlamətdar hadisədir.
Hazırda Azərbaycanın müstəqilliyinin ən qüdrətli və parlaq dövrünü yaşadığını deyən rektor Mingəçevirin özünəməxsus inkişaf yoluna qədəm qoyaraq müxtəlif sahələrdə ölkəmizin tərəqqisinə töhfə verdiyini qeyd edib. Bununla bağlı konfransın proqramında maraqlı mövzuların yer aldığını diqqətə çatdıraraq, təşkilatçılara təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb.
“Mingəçevir – 75” adlı videoçarxın nümayişindən sonra konfransın məruzələri dinlənilib.
MDU-nun İctimai Nəzarət Şurasının üzvlərindən Ədalət Quliyeva “Milli-mənəvi dəyərlərimiz Mingəçevirdə”, Mirzə Cavadov “Mingəçevirdə elm və təhsilin inkişafına dövlət qayğısı”, universitetin akademik heyət üzvlərindən Aygün Qədirova “Şəhər mədəniyyətinə töhfə verən nur şəhəri” və Vüsalə Mövlayeva “Mingəçevir: təlatümlərdən sabitliyə və dayanıqlı inkişafa doğru” mövzularında məruzə ilə çıxış ediblər.
Sonra, Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə MDU-nun inkişafında xidmətlərinə görə İctimai Nəzarət Şurasının üzvləri və universitetin bir qrup əməkdaşı fəxri fərmanla təltif edilib.
Daha sonra, konfrans bədii hissə ilə davam edib. Bədii hissədə MDU tələbələrinin təqdimatında Mingəçevir şəhərinə həsr olunmuş şeirlər səsləndirilib, musiqilər ifa olunub və müxtəlif rəqslər nümayiş etdirilib.
Qeyd edək ki, Mingəçevir şəhərinin 75 illik yubileyi MDU-da müxtəlif formatlı silsiləvi tədbirlərlə qeyd olunur.
Şərhlər bağlıdır.