2024-cü il iyunun 13-də Mingəçevir Dövlət Universitetində (MDU) 15 İyun- Azərbaycan xalqının “Milli Qurtuluş Günü”nə həsr edilmiş “Xalqı Qurtuluşa aparan tarixi məqam” mövzusunda elmi konfrans keçirilib. Universitetin akt zalında keçirilən tədbirdə MDU-nun akademik-inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.
Öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Tədbir Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra, açılış nitqi ilə MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov çıxış edib. Ü.Zeynalov çıxışında 15 iyun Qurtuluş Gününün Azərbaycan xalqının tarixində çox mühüm bir dövrü əks etdirdiyini vurğulayıb. O, bu tarixi günün Azərbaycan xalqının böyük bəlalardan xilas olduğu bir gün olduğunu qeyd edərək, həmin dövrdə Ümummilli lider Heydər Əliyevin xalqın tələbi və təkidi ilə ikinci dəfə hakimiyyətə gəldiyini və Azərbaycan dövlətçiliyinin süqutunun qarşısını aldığını bildirib.
1993-cü ilin 15 iyununda Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycanda əsil dirçəliş dövrünün başladığını və bu dövrün yeni bir müstəqil Azərbaycan dövlətinin formalaşması ilə nəticələndiyini diqqətə çatdıran Ü.Zeynalov həmin dövrdən etibarən ordumuzun və iqtisadiyyatın güclənməsi istiqamətində mühüm addımların atıldığını və bugünkü Zəfərin, müasir Azərbaycanın təməlinin qoyulduğunu vurğulayıb.
Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ümummilli liderin yolunu uğurla davam etdirdiyini bildirən Ü.Zeynalov ölkəmizin inkişafını və güclənməsini təmin etdiyini qeyd edib. Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionda lider dövlətə çevrildiyini, iqtisadiyyatın diversifikasiyası və ordu quruculuğu sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilməsini vurğulayan Ü.Zeynalov möhtərəm prezidentin uzaqgörən siyasəti nəticəsində ölkəmizin beynəlxalq arenada öz mövqeyini möhkəmləndirməsindən və müxtəlif sahələrdə, xüsusilə də infrastruktur, təhsil və sosial sahələrdə mühüm irəliləyişlərə nail olunmasından danışıb.
Açılış nitqindən sonra “Milli Qurtuluş Günü”nə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Daha sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun əməkdaşlarından Gülər Əjdərzadə “Azərbaycan dövlətçiliyinin xilası, inkişafının və tərəqqisinin başlandığı gün: 15 iyun 1993-cü il”, Aygün Qədirova “Heydər Əliyev irsindən güc alan müasir Azərbaycan”, Ayna Babazadə “Milli ədəbiyyatımızda Qurtuluş sədaları” və Pərvin Hüseynova “Qurtuluşdan başlayıb COP-29-a kimi uzanan Zəfər yolu” mövzularında məruzə ilə çıxış ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Şərhlər bağlıdır.