11 sentyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Keyfiyyət Təminatı və Davamlı İnkişaf Şöbəsinin təşkilatçılığı ilə “Liderlik və Auditoriyanın İdarə Edilməsi” mövzusunda təlim keçirilib. Gənc müəllimlər və əməkdaşlar üçün nəzərdə tutulmuş təlim, onların liderlik bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan mühüm bir tədbir kimi yadda qalıb. Təlimdə Sənayenin Təşkili və İdarəetmə kafedrasının baş müəllimi Zaur Rəsulov maraqlı təqdimatla çıxış edib.
Təqdimat zamanı Zaur Rəsulov təlimin əsas məqsədinin iştirakçılara liderlik rolunu mənimsətmək və onların auditoriya qarşısında özlərini daha inamlı və effektiv şəkildə ifadə etmək bacarığını aşılamaq olduğunu vurğulayıb. O, həmçinin auditoriyanın idarə edilməsinin liderlərin fəaliyyətində mühüm rol oynadığını qeyd edib və bu kimi təlimlərin iştirakçılara liderlik anlayışını dərinləşdirmək və auditoriya qarşısında çıxış etmə imkanları yaratdığını bildirib.
Təlim proqramı çərçivəsində iştirakçılara bir sıra vacib mövzular haqqında geniş məlumat verilib. “Liderlik”, “Müəllim-liderin keyfiyyətləri”, “Müəllim-liderin tipləri”, “Auditoriyada münaqişələrin həll edilməsi”, “Liderlik bacarığının inkişaf etdirilməsi” və bu kimi digər təqdimatlar vasitəsilə iştirakçılar liderlik haqqında vacib nəzəri bilikləri mənimsəyib, çətin şəraitlərdə qərar qəbul etmək və auditoriyanı idarə etmək bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Təlim zamanı iştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki təcrübələr və tapşırıqlarla da məşğul olublar. Onlar liderlik üslublarını tapmaq, müxtəlif şəraitlərdə ünsiyyət qurma bacarıqlarını inkişaf etdirmək və auditoriya qarşısında çıxış etmək kimi praktiki tapşırıqlarla öz bacarıqlarını təkmilləşdiriblər. Təlim zamanı keçirilən testlər və praktik keyslər iştirakçılara özünəinamı artırmaq və liderlik qabiliyyətlərini inkişaf etdirmək üçün əvəzsiz imkanlar yaradıb.
Təlimin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıların müxtəlif sualları cavablandırılıb. İştirakçılar öz təcrübələrini bölüşüb və liderlik haqqında daha dərin anlayış əldə ediblər.
Qeyd edək ki, MDU-da liderlik və auditoriyanın idarə edilməsi istiqamətində həyata keçirilən bu kimi təlimlər gənc müəllimlərin və əməkdaşların peşəkar inkişafında xüsusi əhəmiyyət daşıyır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.