Mingəçevir Dövlət Universitetində insan hüquqları aylığı çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsində tədbir keçirilib. Tədbiri giriş sözü ilə professor Veysəl Əyyubov aşıb açıb. Rektor Akif Hacıyevin salamlarını tədbir iştirakçılarına çatdıran Veysəl Əyyubov tədbirin məqsədi barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyavi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.
Veysəl Əyyubov bildirib ki, Azərbaycan Respublikasının 2001-ci ilin yanvar ayının 25-də Avropa Şurasına daxil olması, daha sonra “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün fundamental hüquq və əsas azalıqların təmininə sadiqliyin ifadəsidir.
Sonra Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının müəllimi, ixtisasca hüquqşünas Şəfa Quliyeva çıxış edib. Bildirib ki, insan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır.
Şəfa Quliyeva qeyd edib ki, insan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti hələ tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır.
Şəfa Quliyeva bildirib ki, insan haqları, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallığından çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui-istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilmişdir. İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə olunur: “Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.
Şəfa Quliyeva bildirib ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.
Şəfa Quliyeva qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır.
Şəfa Quliyeva bildirib ki, hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir.
Sonda professor Veysəl Əyyubov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimli, Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynova, “İqtisadiyyat” kafedrasının dosenti Ofeliya Səmədova, MDU TEC-in sədri, baş müəllim Günəş Şəfaqətov, MDU TGT-nin sədri Samrin Xanlayev çıxış ediblər.
Natiqlər qeyd edib ki, bütün bunlarla yanaşı, insan hüquqları və azadlıqlarına dair cari qanunvericilik aktlarının rolunu qiymətləndirməmək olmaz. Bu qanunvericilik aktlarında Konstitusiya ilə elan olunan insan hüquqları və azadlıqlarının həyata keçirilməsi və müdafiəsi üçün hüquqi mexanizm müəyyən edilir. Cari qanunvericilik aktları bir tərəfdən Respublika Konstitusiyasının normalarına, digər tərəfdən isə Azərbaycanın iştirakçısı olduğu beynəlxalq müqavilələrə uyğun olmalıdır. 1992-ci ilin martın 2-dən BMT-nin, 2001-ci ilin yanvarın 25-dən isə Avropa Şurasının üzvü olmuş Azərbaycan 220-dən artıq beynəlxalq müqavilənin iştirakçısıdır ki, bunların da təxminən yarısı bilavasitə və ya dolayısı ilə insan hüquq və azadlıqları ilə bağlıdır.
Natiqlər bildiriblər ki, bu gün Azərbaycan Respublikasında insan hüquqları və azadlıqları hüquqi cəhətdən həm Konstitusiya və həm də qanunvericilik aktları səviyyəsində təmin olunur. Konstitusiyada təsbit edilən bəzi hüquq və azadlıqlar ümumiyyətlə beynəlxalq hüquq normalarında nəzərdə tutulmamışdır. Başqa sözlə, Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq hüquq normalarında nəzərdə tutulanlardan daha çox insan hüquqları və azadlıqlarına təminat verir. Bütövlükdə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi insan hüquq və azadlıqlarına dair beynəlxalq standartlara əsasən uyğundur və insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün təminatlı qanunvericilik bazası yaradır.
Şərhlər bağlıdır.