2023-cü il iyunun 23-də Mingəçevir Dövlət Universitetinin (MDU) “Heydər Əliyev ili” çərçivəsində reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihə ilə bağlı növbəti görüş keçirilib. Görüşün qonağı professor, əməkdar elm xadimi, “Şöhrət” ordenli “91-lər” dən biri Şahlar Əsgərov olub. Görüşdə Mingəçevir şəhəri üzrə ümumtəhsil məktəblərinin direktorları, media nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.
Əvvəlcə, Ümummilli Liderimizin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra MDU-nun rektoru Şahin Bayramov giriş sözü ilə çıxış edərək layihənin respublikamızda ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliği istiqamətində görülən işlərə töhfə məqsədi daşıdığını bildirib. Universitetdə “Heydər Əliyev İli” çərçivəsində çoxsaylı müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayan rektor ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə çalışmış ziyalılar və ictimai-siyasi xadimlərlə görüşlərin təşkilini nəzərdə tutan layihənin önəmini diqqətə çatdırıb. Rektor layihənin hazırki qonağının bioqrafiyası haqqında məlumat verib və dəvəti qəbul etdiyi üçün ona təşəkkürünü bildirib.
Görüş iştirakçılarını salamlayan professor Şahlar Əsgərov ulu öndər Heydər Əliyevi tarixi şəxsiyyət kimi xarakterizə edən xüsusiyyətlərdən, Azərbaycana rəhbərlik etdiyi dövrdə keçirilən unudulmaz görüş və xatirələrindən bəhs edib, onun unikal və şəxsi keyfiyyətlərinin və idarəetmə bacarıqlarının gənclər arasında təbliğinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, müasir Azərbaycan dövləti Ümummilli Liderin şah əsəridir. Çətin tarixi sınaqlarla dolu olan müstəqilliyin qorunması və möhkəmləndirilməsi yolunda bütün maneələri böyük uzaqgörənliklə və qətiyyətlə dəf edən dahi şəxsiyyət Heydər Əliyev müasir və qüdrətli Azərbaycanın memarıdır. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının Ulu Öndərin qarşısına qoyduğu əsas hədəflərdən olduğunu qeyd edən Ş.Əsgərov qazanılan tarixi Zəfər nəticəsində doğma və əzəli yurdlarımızın işğaldan azad edilməsiylə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən ata vəsiyyətinin yerinə yetirildiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin elm və təhsil sahəsinə xüsusi həssaslığından bəhs edən professor dahi şəxsiyyətin müəllimlərə hər zaman yüksək dəyər verdiyini və gənclərə böyük ümid bəslədiyini vurğulayıb. Layihənin Heydər Əliyev irsinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu diqqətə çatdıran Ş.Əsgərov bu təşəbbüsü yüksək qiymətləndirib və təşkilatçılara təşəkkür edib.
Sonra qonaq görüş iştirakçılarının suallarını cavablandırıb və müəllifi olduğu bir sıra kitabları MDU-nun kitabxanasına hədiyyə edib.
Sonda xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.
Şərhlər bağlıdır.