MDU-da “Heydər Əliyev İli” çərçivəsində konfrans: “Azərbaycanda mühəndisliyin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu”
2023-cü ilin martın 6-da Mingəçevir Dövlət Universiteti (MDU) və “Azərbaycan İES” MMC-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Azərbaycanda mühəndisliyin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda “Azərbaycan İES” MMC-nin rəhbər və mütəxəssis əməkdaşları, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Əvvəlcə, Ümummilli Liderimizin, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin və qardaş Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov və “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov çıxış ediblər. Açılış nitqlərində Azərbaycanda mühəndislik, sənaye və energetika sahələrinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğu vurğulanıb. Qeyd edilib ki, həm sovet dönəmində, həm də müstəqillik illərində Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə sənayenin çoxşaxəli inkişafı, eləcə də peşəkar milli kadrların yetişdirilməsi istiqamətində atılan mühüm addımlar və əldə olunan nailiyyətlər Azərbaycanda mühəndisliyin inkişafına da əhəmiyyətli töhfələr verib. Bildirilib ki, məhz Ulu Öndərin uzaqgörən və qətiyyətli siyasəti sayəsində respublikamızda ictimai həyatın bütün sahələri davamlı və dinamik inkişaf yoluna qədəm qoyub, Azərbaycan hazırda bölgədə söz sahibinə və lider dövlətə çevrilib.
Əbədiyaşar liderin əsasını qoyduğu uğurlu siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirildiyi diqqətə çatdırılaraq, cari ilin fevralın 13-də Mingəçevirdə müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulmasının böyük sevinc və qürurla qarşılandığı bildirilib. Yeni elektrik stansiyasının Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mövqeyini gücləndirməsində önəminə toxunularaq, göstərilən diqqət və dəstəyə görə ölkə başçısına minnətdarlıq ifadə edilib.
MDU-da mühəndis kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə sənaye ilə əməkdaşlığın diqqət mərkəzində saxlanıldığı qeyd olunub və bu istiqamətdə “Azərbaycan İES” MMC ilə birgə fəaliyyətlərin mövcud vəziyyətindən və əsas gözləntilərindən danışılıb. “Heydər Əliyev İli” çərçivəsində keçirilən hazırki birgə elmi konfransın proqramına daxil olan məruzələrdə Azərbaycanda müxtəlif sənaye sahələrinin inkişafında Ulu Öndərin zəngin irsindən bəhs ediləcəyi bildirilib və iştirakçılara uğurlar arzulanıb.
Sonra, MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyevanın moderatorluğu ilə məruzələr dinlənilib.
“Azərbaycan İES” MMC-nin baş mühəndisinin müavini, Tərəqqi medalı mükafatçısı Elçin Əliyev “Ümummilli Liderin uzaqgörən siyasəti və Mingəçevir şəhərinin Azərbaycanın energetika sistemində davamlı artan rolu”, MDU əməkdaşlarından Əməkdar mühəndis Mustafa Məmmədov “Mühəndislik – ideyalardan reallığa keçid yolu”, Liliya Süleymanova “Heydər Əliyev və Azərbaycanın elektroenergetika potensialının gücləndirilməsi”, Qaragöz Kərimov “Azərbaycanda nəqliyyat infrasturukturunun dayanaqlı inkişafının təmin olunmasında Ulu Öndərin misilsiz xidmətləri”, Məryəm Əsədova “Heydər Əliyev və Azərbaycanda İKT-nin sıçrayışlı inkişafı” və Aytac Cavadova “Heydər Əliyevin zəngin siyasi irsində ekoloji tarazlığın bərpasının prioritetliyi” mövzularında məruzələrlə çıxış ediblər.
Təqdim olunan məruzələr maraqla qarşılanıb.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.
Şərhlər bağlıdır.