Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “GreenTech” Startap və Yaşıl Texnologiyalar müsabiqəsində iştirak edən tələbələrlə görüşüb.
Gəncə şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı (ATU), Təhsilin İnkişafı Fondu (TİF), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Kapital Bank, “Bir” Tələbə-Könüllü Təşkilatı, “Azersun” Holdinq, “ATS Food” və “AzGranata”nın dəstəyi ilə həyata keçirilən yarışda 17 universitetin 200 tələbədən ibarət 60-dan çox komandası 5 kateqoriya üzrə mübarizə aparıb. MDU 13 komanda ilə mübarizəyə qatılıb.
Komanda üzvləri ilə görüşən rektor ilk olaraq MDU-nu öz fəallıqları ilə təmsil etdiklərinə görə iştirakçıların hər birinə xüsusi təşəkkürünü çatdırıb. Ş.Bayramov müsabiqənin keçirilməsinin əsas məqsədinin universitetlərdə yaşıl texnologiyaların inkubasiya mühitinin inkişafına dəstək, tələbələrin innovativ bacarıqlarının formalaşdırılması, həmçinin universitetlər arası əməkdaşlığın genişləndirilməsi olduğunu bildirib. O, hər sahədə üstünlüyü ilə seçilən MDU gənclərinin bu istiqamətdə də əldə etdikləri uğurlara, layiq olduqları üstün yerlərə görə hədsiz sevincini ifadə edərək, onlara hər zaman dəstək olacağını vurğulayıb, MDU tələbələrilə qürurlandığını deyib.
Müsabiqə iştirakçıları onlara göstərilən hərtəfli dəstəyə görə rektor Ş.Bayramova minnətdarlıqlarını çatdırıblar. Eyni zamanda hörmətli rektorun “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görülməyin çox qürurverici bir hiss olduğunu bildiriblər. Ş.Bayramov isə ona təqdim olunan medalın MDU ailəsinə göstərilən diqqətin ən yüksək göstəricisi olduğunu vurğulayıb və qeyd edib ki, bu ali mükafatın verilməsində universitetin hər bir tələbəsinin, əməkdaşının özünəməxsus payı var.
Qeyd edək ki, müsabiqədə Robototexnika, Mexatronika, Enerji sistemləri mühəndisliyi, İnsanlıq naminə texnologiyalar, Davamlılıq üçün Sİ olmaqla hər kateqoriya üzrə I, II, III və həvəsləndirici yerlər müəyyənləşib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra MDU-nun “Blue fuses” komandası Mexatronika kateqoriyası üzrə I yerə layiq görülüb. İnsanlıq naminə texnologiyalar kateqoriyası üzrə “Ecoreview” komandası II yer, “Gantlet” komandası isə həvəsləndirici yer tutublar. Qalib komandalar müsabiqənin sonunda sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Şərhlər bağlıdır.