Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı görüş keçirilib.
Görüşdə ali təhsil müəssisələrində universitet-sənaye işbirliyinin gücləndirilməsi, innovasiya və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi sahəsində qabaqcıl təcrübələri öyrənmək məqsədilə İsveçin KTH Kral Texnologiya Univerisitetində və Estoniyanın Tallin Texnologiya Universitetində təlim səfərlərində olmuş MDU-nun nümayəndə heyəti üzvləri təqdimatla çıxış ediblər.
MDU-nun rektoru Şahin Bayramov layihə çərçivəsində edilmiş səfərlər zamanı görülən işlər barədə məlumat verib, layihə ilə bağlı əsas gözləntiləri diqqətə çatdırıb. 11 Azərbaycan universitetindən müvafiq əməkdaşların iştirak etdiyi işgüzar təlim səfərləri zamanı layihənin məqsədinə uyğun olaraq müxtəlif seminarların təşkil edildiyini və qarşılıqlı fikir mübadilələrinin aparıldığını bildirib.
Sonra, MDU-nun Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov və Xarici dillər kafedrasının müəllimi Samirə Əhmədova layihənin iş planı barədə məlumat verib, təhsil, tədqiqat və idarəetmədə sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi ilə bağlı təlim və seminarlarda əldə etdikləri təcrübələri görüş iştirakçıları ilə paylaşıblar.
Qeyd edək ki, MDU Azərbaycanda koordinator statusunda Erasmus+ layihəsinin qalibi olan ilk region universitetidir. 36 ay müddətində reallaşdırılacaq layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet – sənaye əməkdaşlığının genişləndirilməsidir. Layihə çərçivəsində Avropa təcrübəsinin öyrənilməsi məqsədilə MDU-nun rektoru Şahin Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti 2023-cü ilin avqustun 21-dən 25-dək İsveçdə, avqustun 28-dən sentyabrın 1-dək Estoniyada səfərdə olublar.
Şərhlər bağlıdır.