2023-cü ilin oktyabrın 19-da Mingəçevir Dövlət Universitetinin (MDU) Energetika kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “20 Oktyabr – Energetiklər Günü”nə həsr olunmuş “Mingəçeviri energetika mərkəzinə çevirən Ulu öndər Heydər Əliyev” mövzusunda elmi seminar keçirilib. Universitetin Energetika kafedrasının müdiri Ülkər Aşurovanın moderatorluğu ilə keçirilən elmi seminarda Mühəndislik fakültəsinin bir qrup akademik və inzibati heyət üzvü, tələbələr və magistrantlar iştirak edib.
Tədbirin açılışında fakültənin dekanı Almaz Əliyeva, Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Cemal Yılmaz, Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev çıxış ediblər. Qeyd edilib ki, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan milli energetika sənayesinin inkişafına hazırda dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Energetiklər öz fədakar və peşəkar fəaliyyətləri ilə respublikamızın fasiləsiz enerji təminatına, o cümlədən işğaldan azad edilmiş dogma yurdlarımızın dirçəldilməsinə töhfə verirlər. Bildirilib ki, MDU-da energetika sahəsində kadr hazırlığının keyfiyyətinin davamlı yüksəldilməsi və elmi tədqiqatların səmərəliliyinin artırılması diqqət mərkəzində saxlanılır.
Sonra proqrama uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun Energetika kafedrasının müəllimlərindən Liliya Süleymanova “Müasir dövrdə enerjinin inkişafı və səmərəliliyinin əsas aspektləri”, Əbülfət Ədilov “Azərbaycanın müstəqilliyinin energetikanın inkişafına təsiri” və Elsevər Cəfərli “Energetikanın müasir problemləri və onların həlli yolları” mövzusunda məruzələrlə çıxış ediblər.
Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırlıb.
Şərhlər bağlıdır.