Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” və “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqlarının dövlət təminatı” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib.
Seminarda MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev giriş sözü ilə çıxış edib. Bildirib ki, Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 18-i respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, hər il mayın 18-dən iyunun 18-dək qeyd olunan “İnsan hüquqları aylığı” çərçivəsində universitetdə müxtəlif tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran V.Mustafayev hazırki elmi-praktik seminarın hüquqi maarifləndirmə məqsədi daşıdığını bildirib.
Sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU əməkdaşlarından Hüseyn Əsgərov “Hüquqi yardım almaq hüququ: anlayışı və zərurəti” və Elvin Abbasov “Mülkiyyət hüququ və pozulmasına görə məsuliyyət” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr ətrafında aparılan müzakirələrdən sonra insan hüquqlarının müdafiəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, MDU-da gənclər arasında hüquqi maarifləndirmə işlərinin aparılmasına xüsusi önəm verilir.
Şərhlər bağlıdır.