Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə hər il 27 mart tarixinin “Elm günü” kimi təsis olunması haqqında qərar qəbul edilib. Mingəçevir Dövlət Universiteti Sərəncamdan irəli gələn müddəaları əsas götürərək Tədbirlər Planına və Təhsil Nazirliyinın tövsiyələrinə əsasən 14 mart 2019-cu il tarixdə doktorant, dissertant və gənc tədqiqatçıların “Elm günü”nə həsr olunmuş “Azərbaycan elminin inkişafi gənclərin əlindədir” mövzusunda dəyirmi masa keçirib.
Dəyirmi masanın keçirilməsində məqsəd elmi tədqiqatların təqdimatı, müzakirəsi və qarşılıqlı məlumat mübadiləsidir.
Dəyirmi masanı giriş sözü ilə universitetin rektoru Akif Hacıyev açıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Elm günü”nün təsis edilməsi respublikamızın elmi ictimaiyyəti, tərəfindən olduqca böyük sevinc və minnətdarlıq hissi ilə qarşılandı. Qeyd etmək istərdim ki, “Elm günü”nün təsis edilməsi son illər ərzində Azərbaycanda elmi fəaliyyət sahəsində həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsidir. Bu siyasətin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Prezident İlham Əliyev bütün sferalarda olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli lider Heydər Əliyevin ənənələrini davam etdirir, milli sərvətimizin tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin vacib istiqamətlərindən biri hesab edir. Azərbaycan Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixinin respublikada elmi fəaliyyətlə məşğul olanların peşə bayramı – “Elm günü” kimi qəbul edilməsi ilə bağlı prezidentin sərəncamı ilk növbədə yuxarıda qeyd olunanların bariz nümunəsidir. Prezidentimizin Azərbaycan elminə göstərdiyi qayğı və verdiyi yüksək qiymət alimlərimizi daha da ruhlandırır, onları öz intellektual potensialını səfərbər etməyə sövq edir.
MDU-nun Elmi işlər üzrə prorektoru, prof. Veysəl Əyyubov universitetdə 30-a yaxın əməkdaşın fəlsəfə proqramı üzrə respublikanın müxtəlif ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarında doktorant, dissertant kimi elmi tədqiqat işi apardığını qeyd etdi. Və xahiş etdiki doktorant və dissertantlar apardıqları tədqiqat işləri barədə dəyirmi masa iştirakçılarına məlumat versin.
Dəyirmi masada iştirak edən universitetin Pedaqoji fakültənin metodisti, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı, Lamiyə Mahir qızı İbrahimova “Rus və Azərbaycan dillərinin frazeoloji sistemində paradiqmatik münasibətlər”; “İqtisadiyyat” kafedrasının müəllimi, Azərbaycan Dövlət Aqrar Universitetinin dissertantı Vüqar Əhməd oğlu Məmmədli “Azərbaycanda yerli özünü idarəetmənin maliyyə təminatının yaxşılaşdırılması istiqamətləri”; “Humanitar fənlər” kafedrasının müəllimi, Xəzər Universitetinin doktorantı, Ayna Çingiz qızı Babazadə, “Əzizə Cəfərzadə nəsrində tarixi və bədii gerçəkliyin inikası”; “Riyaziyyat” kafedrasının müəllimi, Gəncə Dövlət Universitetinin doktorantı Rövşən Fərrux oğlu Babayev “Sobelov-Morri fəzalarda daxilolma teoremləri”; “Humanitar fənlər” kafedrasnını müəllimi, Gəncə Dövlət Universitetinin doktorantı Səadət Arif qızı Ağakişiyeva “Xanımana Əlibəyli şerlərinin janr xüsusiyyətləri”; “İqtisadiyyat” kafedrasının müəllimi, Azərbaycan Dövlət Aqrar Universitetinin doktorantı Yeganə Zakir qızı Məmmədli “Aqrar sahənin modernləşdirilməsinin istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə təsiri”; “Xarici dillər” kafedrasının müəllimi, Gəncə Dövlət Universitetinin doktorantı Xəyalə Rəmiyəddin qızı Abdullayeva “Sitatların mətnyaradıcı xüsusiyyətləri”; “Sənayenin təşkili və idarəetmə” kafedrasının baş müəllimi, Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı Zaur Yusif oğlu Rəsulov “Yerli şirkətlərdə mütəxəssislərin karyera yüksəlişi xüsusiyyətləri və təkmilləşdirilməsi yolları” mövzuları üzrə apardıqları elmi-tədqiqat işləri barədə ətraflı məlumat verdilər.
Dəyirmi masada “Humanitar fənlər” kafedrasının müdiri, dos. Esmira Cəfərova, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos. Nüşabə Qədimli, Elmi katib, dos. Kəmalə Eyyubova, Pedaqoji fakültənin dekanı, dos. Nizami Zeynalov, “İqtisadiyyat” kafedrasının müdiri, dos. Cəmilə Musayeva gənc tədqiqatçıların apardıqları işləri qənaətbəxş olduğunu bildirdilər və tezliklə müdafə edərək elmi dərəcəyə yiyələnəcəklərinə inandıqlarını bildirdilər.
Sonda çıxış edən rektor Akif Hacıyev bildirdi ki, 1991-ci ildə Mingəçevirdə ilk ali məktəb Mingəçevir Politexnik İnstitutu açılanda cəmi 3 nəfər elmlər namizədi vardı. Bu gün təhsil müəssisəmizdə 60 yuxarı alim universitetin şərəfini qoruya bilir. Ali məktəb Mingəçevirə elm gətirdi, istərdim ki, sizlər bu xətti düzgün tutub, həqiqi alim kimi yetişib, Azərbaycanımıza və elmimizə xidmət göstərəsiniz. Hər birinizə müvəffəqiyyətl arzu edirəm.
Şərhlər bağlıdır.