2023-cü il sentyabrın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi”nin imzalanmasının 29-cu ildönümünə həsr olunan “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü iştirak edib.
Əvvəlcə, Ümummilli liderimiz Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan MDU-nun rektoru Şahin Bayramov “Əsrin müqaviləsi”ni dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri kimi dəyərləndirərək, bu müqavilə ilə Azərbaycanın milli neft strategiyasının əsasının qoyulduğunu diqqətə çatdırıb. “Əsrin müqaviləsi”nin ölkəmizin dünya enerji bazarındakı mövqeyinin güclənməsinə, milli neft sənayesi infrastrukturunun modernləşdirilməsinə, milli valyuta gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına xidmət etdiyini vurğulayan rektor bu fundamental beynəlxalq sənədin dayanıqlı milli iqtisadi inkişafın təmin edilməsinə misilsiz töhfələrindən danışıb. Ş.Bayramov bildirib ki, Ulu Öndərin layiqli siyasi varisi olan İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirilən neft strategiyası sayəsində ölkəmizin hərtərəfli inkişafı yolunda möhtəşəm nailiyyətlər əldə edilib və Azərbaycan şanlı zəfərlərə imza ataraq tarixinin ən qüdrətli dövlətinə çevirilib.
Açılış nitqindən sonra tədbirin proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun İqtisadiyyat fakültəsinin akademik heyət üzvlərindən Arif Tağıyev “Azərbaycanın neft gəlirləri və ondan səmərəli istifadənin Heydər Əliyev strategiyası” və Zaur Rəsulov “Azərbaycanda neft sənayesinin inkişaf mərhələləri” mövzularında çıxış ediblər. Çıxışlarda ölkəmizdə neft sənayesinin inkişaf yolundan, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının başlıca istiqamətlərindən, onun Azərbaycanın iqtisadi inkişafında, əhalinin rifah halının yüksəldilməsində və ölkəmizin beynəlxalq arenada qazandığı uğurlardakı misilsiz rolundan bəhs edilib. Həmçinin vurğulanıb ki, əldə edilmiş iqtisadi tərəqqi ölkəmizin təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin edilməsinin və qorunmasının qarantı olan peşəkar, qüdrətli və yüksək texnologiyalarla tam təchiz edilmiş müasir Azərbaycan Ordusunun formalaşmasında və güclənməsində müstəsna əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, qeyd edilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında həyata keçirilən islahatlar dayanıqlı inkişafımızın gələcəyinə etibarlı təminat verir.
Sonra dəyirmi masa iştirakçılar tərəfindən maraqla qarşılanan çıxışlar ətrafında müzakirələrlə davam edib.
Qeyd edək ki, MDU-da “Heydər Əliyev İli” çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir.
Şərhlər bağlıdır.