MDU-da beynəlxalq elmi konfransın yekun iclası keçirilib
2023-cü ilin 08-09 dekabr tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfrans uğurla başa çatıb.
Cari ilin 12 dekabr tarixində beynəlxalq elmi konfransın yekun iclası keçirilib. Konfransın təşkilati komitəsinin üzvlərinin, bölmə rəhbərlərinin və universitetin akademik-inzibati heyətinin iştirak etdiyi yekun iclada, əvvəlcə, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
MDU-nun rektoru Şahin Bayramov Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu vurğulayarq, cari ildə ölkədə və onun hüdudlarından kənarda, o cümlədən, MDU-da Ümummilli Liderə həsr olunan çoxsaylı tədbirlərin keçirildiyini bildirib. Sözügedən beynəlxalq elmi konfransın da məhz bu tədbirlər silsiləsindən olduğunu qeyd edən rektor diqqətə çatdırıb ki, konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrində 2023-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı”na əsasən təşkil olunub.
MDU-nun evsahibliyi və həmtəşkilatçılığı ilə beynəlxalq elmi konfransın uğurla başa çatmasından məmnunluğunu ifadə edən Ş.Bayramov göstərilən dəstəyə görə konfransın tərəfdaşlarına – Elm və Təhsil Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Mingəçevir Şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirib. Bununla yanaşı, konfransın maraqlı və məhsuldar keçməsində pay sahibi olan digər həmtəşkilatçılara – Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti və Kayseri Universitetinə, Litvanın Mikolas Romeris Universitetinə, Ukraynanın Kiyev Milli Texnologiya və Dizayn Universitetinə və Qırğız Respublikasının Qırğız İqtisad Universitetinə, həmçinin təşkilat komitəsinin üzvlərinə, məruzəçilərə, məqalə və tezis müəlliflərinə təşəkkür edib.
Konfrans iştirakçılarının xoş təəssüratlarla ayrılmasını, xarici qonaqların Azərbaycan, eləcə də Mingəçevir haqqında müsbət rəylər söyləməsini və tədbirin işinə yüksək qiymət verməsini vurğulayan rektor beynəlxalq tədbir çərçivəsində yaranmış yeni dostluqların, yeni əməkdaşlıqların önəmindən bəhs edib və əldə olunan nəticələrlə bağlı fikirlərini bölüşüb.
İclasda çıxış edən MDU-nun müvafiq əməkdaşları beynəlxalq konfransın işinə uğurla yekun vurulması münasibətilə təbriklərini çatdırıb və yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Aparılan müzakirələrdən sonra 2025-ci ildə eyni adda üçüncü beynəlxalq elmi konfransın keçirilməsi, onun rəsmi internet saytının yaradılması və təbliği ilə bağlı müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, sözügedən beynəlxalq konfransın əsas məqsədi davamlı iqtisadi inkişafın qlobal trendləri, dördüncü sənaye inqilabının yaratdığı reallıqlar, regionların tarazlı inkişafı, davamlı enerji təminatı, postkonflikt dövründə müasir tendensiyalar, keyfiyyətli təhsil sahəsində milli və beynəlxalq təcrübələr, ekoloji dayanıqlığın təmini və digər istiqamətlərdə aparılan elmi tədqiqatların nəticələrinin təqdim olunmasından və elmi müzakirələrin aparılmasından ibarətdir.
Konfransın əsas ideyası “Azərbaycan 2023: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası”, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” və digər milli və beynəlxalq sənədlərdən irəli gələn vəzifələrin icrasına töhfə verməkdir.
Konfransa Azərbaycan, Türk, İngilis və Rus dillərində ümumilikdə 562 tezis və məqalə daxil olub. Ölkəmizdən ümumilikdə 403 məqalə, o cümlədən 29 ali təhsil müəssisəsindən 333 məqalə, 15 elmi tədqiqat institutundan 35 məqalə, 18 digər təşkilatdan 35 məqalə daxil olub. Eləcə də, 9 xarici ölkənin 48 qurumundan ümumilikdə 159 tezis və məqalə daxil olub. Proqrama uyğun olaraq, konfrans çərçivəsində plenar iclasda 5 məruzə dinlənilib, 10 üzbəüz və 18 onlayn bölmə iclasları keçirilib.
Konfransın materialları kitab şəklində çap olunacaqdır.
Şərhlər bağlıdır.