Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib

14

2023-cü ilin yanvarın 17-də Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Əvvəlcə, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirin açılışında MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova çıxış edib. 20 Yanvar faciəsinin xalqımızda böyük kədər və hüzn doğurduğunu qeyd edən E.Cəfərova vurğulayıb ki, dövlət müstəqilliyinin bərpasında mühüm tarixi önəm kəsb edən bu qanlı hadisə həm də Vətən tarixinin şərəfli səhifəsi hesab edilir. Müstəqillik yolunda canından keçməklə gənclər üçün misilsiz fədakarlıq, mübarizlik, əzmkarlıq, vətənpərvərlik və qəhrəmanlıq nümunələrini miras qoyan şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağı, daim böyük qürur və ehtiram hissləri ilə yad ediləcəyi bildirilib.

Sonra, tədbir ədəbi-bədii hissə ilə davam edib. TVİM-in koordinatoru Minayə Hüseynovanın aparıcılığı ilə keçirilən ədəbi-bədii hissədə universitetin tələbələrinin ifasında 20 Yanvar faciəsinə və şəhidlərə həsr olunan, eləcə də vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib və mahnılar ifa edilib.

Qeyd edək ki, MDU-da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən silsiləvi tədbirlər davam edir.

Şərhlər bağlıdır.