Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU aliminin Nizami Gəncəviyə həsr olunmuş kitabının təqdimatı keçirilib

20

2023-cü il aprelin 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Nizami poemalarının ingilis dilinə tərcümələri” kitabının təqdimatı keçirilib. MDU-nun Xarici dillər kafedrasının dosenti Mayıl İsmayılovun müəllifi olduğu kitabın təqdimatında universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbələr və magistrantlar iştirak ediblər.

Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edərək kitabın dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işlərə töhfə olduğunu bildirib. Son dövrdə Nizami yaradıcılığının və onunla bağlı aparılan tədqiqatların təhlilinə MDU alimləri tərəfindən marağın artmasını yüksək qiymətləndirən rektor kitabda böyük mütəfəkkir şairlə bağlı bir çox faktların yer aldığını və onun müxtəlif xarici dillərə tərcümə olunmuş əsərlərinin təhlil edildiyini vurğulayıb. Kitabın müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də bu sahədə  araşdırmalar aparan tədqiqatçılar üçün faydalı olacağına inandığını söyləyən Ş.Bayramov böyük zəhmət hesabına ərsəyə gəlmiş bu əsərə görə müəllifə minnətdarlığını bildirib.

Sonra kitabın ayrı-ayrı bölmələri üzrə məruzələr dinlənilib. MDU əməkdaşlarından Namaz Manafov “Nizamişünaslığa böyük töhfə”, Xədicə Əliyeva “Nizami irsi ingilisdilli ədəbiyyatşünaslıqda”, Türkanbəyim Əhmədli “Nizami poemalarının ingilis dilinə tərcümələri” və Ayna Babazadə “Nizami poeziyasının Qərb ədəbiyyatı və mədəniyyətinə təsiri” adlı bölmələr haqqında məlumat veriblər və oxucular üçün maraq doğuracaq bir sıra nüansları diqqətə çatdırıblar.

Daha sonra əsərlə bağlı fikirlərini bölüşən tədbir iştirakçıları yeni kitabının işıq üzü görməsi münasibətilə müəllifi təbrik edib və ona yaradıcılıq uğurları arzulayıblar.

Kitabın çap olunmasında dəstəyinə, maraqlı və məzmunlu təqdimat mərasiminin təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən M.İsmayılov belə tədbirlərin həm oxucularda, həm də müəllifdə böyük motivasiya yaratdığını qeyd edib. Azərbaycan xalqının mənəvi sərvəti hesab edilən Nizami irsi ilə bağlı araşdırmalar aparmaqdan qürur duyduğunu deyən müəllif bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəyini vurğulayıb və tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.

Qeyd edək ki, MDU-da kitaba marağın artırılması və oxucuların yeni nəşrlər barədə məlumatlandırılması məqsədilə müxtəlif tədbirlərin, eləcə də təqdimat mərasimlərinin keçirilməsinə xüsusi önəm verilir.

Şərhlər bağlıdır.