Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MAKROİQTİSADİ PROQNOZ

Mərkəzi Bank 2026-cı il üzrə inflyasiya gözləntisini açıqladı

280

Mərkəzi Bankın yenilənmiş proqnozlarına əsasən, 2026-cı ildə illik inflyasiya səviyyəsinin 5,7 faiz təşkil edəcəyi gözlənilir. Bu göstəricinin müəyyən edilmiş hədəf diapazonu çərçivəsində qalacağı bildirilir.

Qeyd olunur ki, hökumətin, beynəlxalq maliyyə-kredit qurumlarının, eləcə də aparıcı beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri də inflyasiyanın növbəti ildə əsasən eyni intervalda dəyişəcəyinə işarə edir.

Mərkəzi Bankın yaydığı məlumata görə, qarşıdakı dövrdə pul siyasəti üzrə qərarlar qəbul edilərkən ölkə iqtisadiyyatına və qiymət sabitliyinə təsir göstərə biləcək daxili və xarici amillər, habelə mümkün risklər kompleks şəkildə təhlil olunacaq. Son illərin təcrübəsi göstərir ki, inflyasiya riskləri strukturunda xarici faktorların çəkisi əhəmiyyətli dərəcədə artıb.

Ortamüddətli perspektivdə də bu meylin davam edəcəyi gözlənilir. Geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarlarında qeyri-müəyyənliyi yüksək səviyyədə saxlayır. Əsas xarici risk isə idxal qiymətlərindəki dəyişikliklərin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu proses ticarət tərəfdaşlarında qiymət dinamikası və nominal effektiv məzənnənin hərəkətindən asılı olacaq.

Daxili risklər isə əsasən təklif və xərclərlə bağlı amillər fonunda formalaşır. Ortamüddətli dövr üçün nəzərdə tutulan konservativ makrofiskal çərçivə və kredit qoyuluşları üzrə gözlənilən artım templəri məcmu tələbin həddindən artıq yüksəlməsi riskini məhdudlaşdırır.

Mərkəzi Bank bildirib ki, mövcud qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi proqnozlar bundan sonra da baza ssenari ilə yanaşı alternativ ssenarilər əsasında hazırlanacaq. Bu yanaşma inflyasiya risklərinin reallaşması halında daha çevik və operativ siyasət reaksiyasını təmin etməyə imkan verəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.