Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mahir Səfərli BMT QAK-ın Mərkəzi Asiya Regional Nümayəndəsi təyin edildi

23 illik humanitar təcrübəyə malik Azərbaycanlı ekspert Qazaxıstanın Almatı şəhərində regional ofisi idarə edəcək və Mərkəzi Asiya ölkələrində qaçqınların müdafiəsi sistemini gücləndirəcək

48

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) Mahir Səfərliyi Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə rəhbər təyin edib. Bu barədə həm BMT QAK-ın rəsmi açıqlamasında, həm də Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Regional nümayəndə kimi Mahir Səfərli Qazaxıstanın Almatı şəhərində yerləşən regional ofisdə fəaliyyət göstərəcək və təşkilatın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandakı fəaliyyətinə rəhbərlik edəcək.

21 yanvar tarixində Astanada Mahir Səfərli Qazaxıstan Xarici İşlər Nazirliyinə etimadnaməsini təqdim edib. Görüş zamanı tərəflər əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Yaxın həftələrdə yeni regional nümayəndənin Mərkəzi Asiya ölkələrində hökumət qurumları və tərəfdaşlarla görüşlərini davam etdirəcəyi və birgə fəaliyyət mexanizmlərinin gücləndirilməsi üçün əlavə təmasların planlaşdırıldığı vurğulanıb.

23 ildən artıq humanitar təcrübəyə malik Mahir Səfərli müxtəlif ölkələrdə mürəkkəb humanitar böhranlar və fövqəladə vəziyyətlər şəraitində rəhbər vəzifələrdə çalışıb. Mərkəzi Asiyaya təyinatından əvvəl o, BMT QAK-ın Yunanıstan və Ukraynada nümayəndə müavini vəzifələrini icra edib. Daha əvvəl isə Suriya və Türkiyədə əməliyyat və koordinasiya üzrə yüksək vəzifələr tutub.

Karyerasının əvvəlki mərhələlərində Mahir Səfərli Əfqanıstan, Liviya, Ukrayna, Qırğızıstan, Liberiya və Azərbaycanda BMT QAK-ın humanitar əməliyyatlarında hüquqi müdafiə və idarəetmə üzrə müxtəlif vəzifələrdə çalışıb. Həmçinin 2016–2019-cu illərdə Cenevrədə yerləşən Baş Qərargahda yoxlama və nəzarət funksiyaları üzrə baş inspektor vəzifəsini icra edib.

BMT QAK bildirir ki, Mahir Səfərli yeni vəzifəsində regionda qaçqınların müdafiəsi sisteminin gücləndirilməsi və vətəndaşsızlıq probleminin həlli istiqamətində fəaliyyətə rəhbərlik edəcək.

“Zəngin mədəni irsə və tarixə malik, qaçqınlara qonaqpərvər münasibəti və vətəndaşsızlıq probleminin həllində təşəbbüsləri ilə seçilən Mərkəzi Asiya regionunda fəaliyyətə başlamaq mənim üçün böyük şərəfdir”, – deyə Mahir Səfərli bildirib.

Onun tərcümeyi-halına görə, Mahir Səfərli hüquq və dövlət idarəçiliyi üzrə təhsil alıb, həmçinin beynəlxalq insan hüquqları, beynəlxalq humanitar hüquq və münaqişələrin qarşısının alınması sahələrində Finlandiya, İtaliya və Norveçdə ixtisasartırma proqramlarından keçib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.