“Bəşəriyyət korrupsiya kimi təhlükəli bir bəla ilə üz-üzədir”
Mingəçevir Media Mərkəzində “Cəmiyyətin korrupsiyaya qarşı məsuliyyəti və dini dəyərlərin rolu” mövzusunda seminar keçirilib
17.12.2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsinin təşkilatçılığı ilə Mingəçevir Media Mərkəzində “Cəmiyyətin korrupsiyaya qarşı məsuliyyəti və dini dəyərlərin rolu” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və Mingəçevir Vəkil bürosunun vəkili Rafiq Yusifov, eləcə də din xadimləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarda Əlisa Fərəcov “Korrupsiya və ona qarşı mübarizə”, Fərman Nəbiyev “Korrupsiyaya qarşı mübarizədə ictimaiyyətin rolu”, Rafiq Yusifov “İcraatda olan korrupsiya xarakterli cinayət işləri barədə”, Mingəçevir “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşfiq Nəcəfov isə “Korrupsiyaya qarşı mübarizədə dini dəyərlərin rolu” mövzularında çıxış ediblər.
Çıxış edən natiqlər mövzunun aktuallığını vurğulayaraq bildiriblər ki, müasir dövrdə bəşəriyyət korrupsiya kimi təhlükəli bir bəla ilə üz-üzədir. Qeyd olunub ki, rüşvətxorluğa qarşı mübarizənin mütəşəkkil şəkildə aparılması, xüsusilə gənclərin bu sahədə maarifləndirilməsi və onlarda sağlam düşüncə tərzinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Tədbir iştirakçıları korrupsiyaya qarşı mübarizədə hər bir vətəndaşın fəal mövqe tutmasının vacibliyini qeyd edərək, müsbət nəticələrin əldə olunmasında vətəndaş məsuliyyətinin həlledici rol oynadığını vurğulayıblar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.