Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Leyla Əliyeva Qusarda kənd həyatını yaxından tanıdı

Leyla Əliyeva məşhur “Kənd Həyatı” layihəsinin qonağı oldu

735

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin yaradıcısı və rəhbəri Leyla Əliyeva yeni ilin ilk günlərində Qusar rayonuna səfər edib.

Səfər zamanı o, Qusarın Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin evində qonaq olub və məşhur “Kənd Həyatı” (Country Life Vlog) layihəsinin növbəti buraxılışının çəkilişlərinə qatılıb.

Çəkiliş prosesində Leyla Əliyeva bölgəyə xas olan ənənəvi yeməklərdən biri – skanın hazırlanmasında ailə üzvləri ilə birgə iştirak edib. O, şimal bölgəsinə məxsus kənd yaşam tərzi, məişət adətləri və milli mətbəxin incəlikləri ilə yaxından tanış olub.

Leyla Əliyeva Azərbaycanın zəngin kulinariya irsinin dünyada tanıdılması, milli dəyərlərin beynəlxalq auditoriyaya təqdim olunması istiqamətində gördükləri işlərə görə Rəmixanovlar ailəsinə minnətdarlığını ifadə edib və layihənin gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Xatırladaq ki, “Kənd Həyatı” “YouTube” platformasında 8 milyondan artıq izləyiciyə və təxminən 3 milyard baxış sayına malikdir. Azərbaycan kənd həyatını və milli mətbəxi əks etdirən videoları ilə tanınan Rəmixanovlar ailəsi təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif bölgələrində də böyük maraqla izlənilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.