Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Leyla Əliyeva Mingəçevirdə şəhid ailələrini və sosial müəssisələri ziyarət etdi

Şəhid ailələrinə dəstək, uşaq və yaşlıların rifahı üçün sosial təşəbbüslər genişləndirildi

45

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfər edib.

Səfər çərçivəsində Leyla Əliyeva əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhid qardaşlar Əhmədovların ailəsini ziyarət edib. O, şəhidlərin xatirəsini ehtiramla yad edib, anası Sevinc Əhmədova ilə söhbət edib və qəhrəman oğulların həyat yolu, döyüş fəaliyyəti, eləcə də ailənin gündəlik qayğıları ilə maraqlanıb.

Əli və İslam Əhmədov qardaşları Vətən müharibəsi zamanı eyni gündə şəhid olublar. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Əli Əhmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və bir sıra medallarla, İslam Əhmədov isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və medallarla təltif olunub.

Daha sonra Leyla Əliyeva Mingəçevirdəki yaşlılar üçün “Yaşa” mərkəzini ziyarət edib. Burada pensiya yaşındakı şəxslər dekorativ-tətbiqi sənət və digər yaradıcılıq fəaliyyətləri ilə məşğuldurlar. Leyla Əliyeva onlarla səmimi söhbət edib, hazırladıqları əl işlərinə baxıb və Mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb.

Səfər çərçivəsində Uşaq Nevroloji Sanatoriyası da ziyarət olunub. Burada 20-yə yaxın uşaq davamlı müalicə və reabilitasiya alır. Leyla Əliyeva balaca pasiyentlərlə maraqlanıb, həkim və tibb personalına uğurlar arzulayıb, sanatoriyaya ayaq və əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən robotik reabilitasiya əlcəkləri hədiyyə edib.

Məktəbin akt zalında şagirdlərin ifasında konsert proqramı

Leyla Əliyeva daha sonra Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində olub. Məktəbdə tar, kaman, qarmon, fortepiano, violin və digər musiqi alətləri üzrə tədris ilə tanış olub, məktəbin 600-dən çox şagirdinin yerli və beynəlxalq müsabiqələrdəki uğurları barədə məlumat alıb. O, məktəbə 30-dan çox zəruri musiqi aləti hədiyyə edib.

Səfərin sonunda məktəbin akt zalında şagirdlərin ifasında konsert proqramı təqdim olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.