Lənkəranda Dövlət Peşə Təhsil Mərkəzinin açılışı keçirildi
İlham Əliyev mərasimdə iştirak edib, mərkəzdə yaradılan müasir infrastrukturla tanış olub
Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına mərkəzdə yaradılan şərait barədə ətraflı məlumat təqdim edib.
Qeyd olunub ki, təhsil müəssisəsinin əsası 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi ilə Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 2024-cü ildən isə mərkəz publik hüquqi şəxs statusu ilə fəaliyyət göstərir.
Müasir infrastrukturla təchiz olunan təhsil ocağında tədris korpusları, idman və yataqxana binaları, kulinariya təlim korpusu, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, avtotəmir və CNC emalatxanaları fəaliyyət göstərir. Eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 yerlik akt zalı və yeməkxana yaradılıb. Ərazidə 53 yerlik yataqxana inşa olunub, yenidənqurma işlərindən sonra korpusların sayı 7-yə çatdırılıb.
2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır ki, onlardan 385-i qadındır. Burada turizm, kənd təsərrüfatı, sənaye, xidmət, informasiya texnologiyaları və alternativ enerji sahələri üzrə kadr hazırlığı aparılır.
Yaradılan yeni maddi-texniki baza sayəsində elektrik və hibrid avtomobillərin texniki xidməti, kompüter şəbəkələri və inzibatçılığı, proqramla idarə olunan sənaye avadanlıqlarının istismarı, kibertəhlükəsizlik, proqramlaşdırma, tikinti və istismar, elektrik xətləri və günəş panellərinin quraşdırılması kimi müasir ixtisaslar da tədris olunur.
Mərkəzdə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə təhsil verilir. Hazırda burada 138 əməkdaş çalışır.
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə əməkdaşlıq edir. Bu çərçivədə birgə kadr hazırlığı, istehsalat təlimləri, ustad dərsləri və müxtəlif sosial-innovativ layihələr həyata keçirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.