Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kürün suyu niyə azalır?

Yevlax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Ariz Mikayılovun fikrincə, Mingəçevir Su Anbarı, Kür çayı, Əlican çayı, Yuxarı Şirvan və Qarabağ kanalları, eləcə də digər su hövzələri ilə əhatə olunan və  40,199 min hektar əkin sahəsinə malik Yevlax rayonunda suvarma prosesində bəzi çətinliklər yaranır. Belə ki, relyefin dağlı-düzənli olması suyun başlanğıc nöqtəsinə çatdırılmasında itkilərin yaranmasına səbəb olur. Məsələn, mənbəyini Yuxarı Şirvan kanalından alan 17 kilometr məsafədə rayonun Havarlı, Hacıselli və Marzılı kəndlərinə uzanan köməkçi kanalın beton deyil, torpaq qatlı olması yolboyu sızma və su itkisinə yol açır.

Ariz Mikayılovun sözlərinə görə, yay mövsümü ərzində Mingəçevir Su Anbarında suyun səviyyəsinin enməsi mənbəyini anbardan alan Yuxarı Şirvan kanalının ümumi fəaliyyətinə də təsirsiz ötüşmür. Belə hallarda qənaətlə suvarma kanalına yönləndirilən suyun müəyyən hissəsi 17 kilometrlik məsafədə itib batır. Üstəlik, kanal boyu hər hansı lil axını kanalları mövcud olmadığı üçün sellə müşayiət olunan yağıntılı havalarda Bozdağ silsiləsindən eniş aşağı yayılan gilli-çınqıllı torpaq axını əsas suvarma kanalının normal iş rejiminə əngəl yaradır.

Ariz Mikayılov çıxış yolu təklif edib: “Hesab edirik ki, kanal yaxın perspektivdə tamamən betonlaşdırılmalı və ətrafında lil axıntı arxları qazılmalıdır. Əslində belə bir niyyətimiz var və aidiyyatı qurumlar qarşısında zaman-zaman oxşar təkliflərlə çıxış edirik”.

Yuxarı Şirvan kanalının imkanları vasitəsi ilə təmin olunan Yuxarı Qarxun kəndi və ona bitişik ərazilərin su probleminin həlli üçün alternativ layihə bu il ərzində artıq gerçəkləşib. Belə ki, Kür çayından Yuxarı Qarxun kəndi istiqamətinə 2 kilometr məsafədə kanal çəkilib.

Ariz Mikayılov rayonun sudan əziyyət çəkən daha bir kəndində də bir aqreqatlı su nasos stansiyası inşa ediləcəyini deyib. Belə ki, Qarabağ kanalının sağ sahilində və bir addımlığında yerləşən Kövər kəndinin  əkin sahələri normal su ilə təmin edilmirdi. Məsələ qaldırılandan sonra layihə smeta sənədləri təsdiq olunub və 2022- ci il ərzində kanalın Kövər kəndinə bitişik hissəsində bir aqreqatlı su nasos stansiyasının  inşa edilməsinə qərar verilib.

Şərhlər bağlıdır.