Oktyabrın 17-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti və Mərkəzi Aran Regional Təhsil İdarəsi arasında 2023-cü il üzrə birgə imzalanmış Tədbirlər Planına uyğun olaraq Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbdə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar keçirilib.
Keçirilən tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) müdiri Elçin Kərimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, struktur bölmənin əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi veteranları, ümumi təhsil müəssisələrinin rəhbərləri və MDU-nun bir qrup professor-müəllim heyəti iştirak edib.
Tədbirdən öncə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra məktəbin həyətində təşkil olunan şagirdlərin rəsm-əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Liderimizin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Elmi-seminarı giriş sözləri ilə açan Kürdəmir RİH-nin başçısı Elxan İbrahimov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında əbədiyaşar lider, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi silinməz iz buraxdığını və onun zəngin dövlətçilik irsinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
MDU-nun rektoru Şahin Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərdən, həyata keçirilən uğurlu siyasətdən söhbət açan rektor Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın hazırda zirvələr qət etdiyini, davamlı və dinamik inkişaf yolunda inamla irəlilədiyini vurğulayıb.
Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu və təhsil sahəsində başverən hərtərəfli inkişafın Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu qeyd edib.
Daha sonra MDU-nun professor-müəllim heyəti üzvlərindən Asim Məmmədov “Müasir Azərbaycan dövlətinin memarı və qurucusu”, Namaz Manafov “Heydər Əliyev və Azərbaycan dili”, Səadət Ağakişiyeva “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Pərvin Hüseynova “Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin tarixi xidmətləri” və “Əməkdar müəllim” Könül Aydın “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar səsləndirilib, dahi lider Heydər Əliyevin zəngin irsi və keçdiyi həyat yolundan bəhs edən videoçarxa baxış keçirilib.
Qeyd edək ki, 2023-cü il aprelin 20-də MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı çərçivəsində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
Şərhlər bağlıdır.