Kreditlər necə qiymətləndirilir? – “FinScore” modeli açıqlanır
594 göstərici, süni intellekt və davranış analizi – Azərbaycanda borcalanların risk qiymətləndirilməsinin yeni qaydaları
Azərbaycanda borcalanların kredit risklərinin müəyyən edilməsində istifadə olunan “FinScore” modeli onların maliyyə davranışlarını dərin şəkildə təhlil edir. Bu barədə Azərbaycan Kredit Bürosunun məhsul sahibi Kamal Mirzəyev Bakıda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda məlumat verib.
Onun sözlərinə görə, “FinScore” borcalanın kredit tarixçəsinin uzunluğu, ümumi ödəniş davranışları, gecikmələr, demoqrafik göstəricilər və digər maliyyə vərdişlərini nəzərə alır.
Bununla yanaşı, modeldə cinsiyyət, yaşayış ünvanı, aylıq gəlir, region və sorğu sayı kimi meyarlar dəyərləndirilməyə daxil edilmir.
Kamal Mirzəyev bildirib ki, “FinScore” tam davranış skorinqi əsasında işləyir və borcalanın həm hazırkı balını, həm də son 12 ayda formalaşmış skor tarixçəsini təqdim edir. Model kreditin növbəti 12 ayda defolta düşmə ehtimalını da hesablayır.
Hazırda sistem borcalanların qiymətləndirilməsi zamanı 594 fərqli göstəricidən istifadə edir və süni intellekt, eləcə də maşın öyrənməsi texnologiyalarına əsaslanır. Bu isə kredit təşkilatlarına daha dəqiq risk analizi aparmağa imkan verir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.