Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kosmik missiyalar üçün yenilik: Ay vaxtını ölçən proqram

Çin alimləri LTE440 ilə Ay və Yer arasındakı vaxt fərqini dəqiq izləmək imkanı yaradıblar, bu gələcək kosmik missiyaların təhlükəsizliyini təmin edəcək

353

Çinli tədqiqatçılar Ayda dəqiq vaxtı müəyyən etmək üçün LTE440 adlı proqram təminatı hazırlayıblar. Bu ad “Lunar Time Ephemeris” (“Ay vaxtı efemeridləri”) ifadəsinin qısaldılmış formasıdır.

“Interesting Engineering” məlumat verir ki, LTE440 dünyada Ay vaxtının ölçülməsi üçün istifadəyə hazır ilk proqramdır. Proqram gələcək kosmik missiyalarda Yer və Ay arasındakı vaxt fərqini hesablamağa imkan verəcək.

Alimlər bildirirlər ki, zaman Yer və Ayda eyni sürətlə axmır. Ümumi Nisbilik Nəzəriyyəsinə görə, cazibə qüvvəsi zamanın axışını təsir edir. Ayın cazibəsi daha zəif olduğundan, burada vaxt Yerdəkindən bir az sürətli keçər. Bu fərq gündə təxminən 58,7 mikrosaniyədir, amma kosmik naviqasiya üçün kritik əhəmiyyət daşıyır.

Əvvəlki missiyalarda Ay vaxtı məsələsi diqqətdən kənarda qalırdı, çünki səthdə qısa müddət qalırdılar. Lakin kosmik yarış qızışdıqca, missiyaların təhlükəsizliyi və milyardlarla dollarlıq aparatların qorunması üçün dəqiq vaxt ölçümü həyati əhəmiyyət kəsb edir. GPS-ə bənzər sistemlər radiosiqnalın peykdən qəbulediciyə çatmasını dəqiq hesablamalıdır, kiçik səhv belə modulun kilometrlərlə yanılmasına səbəb ola bilər.

2024-cü ildə Beynəlxalq Astronomiya İttifaqı Ay vaxtı üçün vahid ölçü sistemi tövsiyə edib. LTE440 proqramı Ayın zəif cazibəsi və kosmosdakı hərəkətini nəzərə alaraq vaxtı Yer vaxtı ilə dəqiq uyğunlaşdırır və hətta 1000 il sonra da nanosaniyə dəqiqliyini qoruyur.

Çin alimləri LTE440-ın gələcək Ay missiyaları üçün standart olacağını bildirir. Bu proqram qəbul olunarsa, Ayda yaşayan insanlar eyni vaxtı görərək hər şeyin sinxron həyata keçirilməsini təmin edə biləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.