Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Körpə qidaları beyin inkişafını risk altına qoyur

“Nestle” və “ByHeart” məhsullarının geri çağırılması, ARA maddəsi ilə bağlı şübhələr və AQTA-nın xəbərdarlığı valideynləri narahat edir

327

Son dövrlər dünya üzrə bir sıra körpə qidalarının geri çağırılması uşaq qidası sənayesində ciddi və sistemli problemlərin mövcudluğunu üzə çıxarıb. Mütəxəssislər bildirirlər ki, süni qidaların tərkibini ana südünə mümkün qədər yaxınlaşdırmaq cəhdləri istehsal prosesini mürəkkəbləşdirir, bu isə çirklənmə riskini artırır və təchizat zəncirinə nəzarəti zəiflədir.

Fransada iki körpənin ölüm faktı “Nestle” şirkətinin istehsal etdiyi uşaq qidaları ilə mümkün əlaqə baxımından araşdırılır. ABŞ-da isə körpələrin xəstəxanaya yerləşdirilməsi “ByHeart” startapına məxsus məhsulların kütləvi şəkildə geri çağırılmasına səbəb olub.

Yaşanan hadisələr uşaq qidası bazarının əsas oyunçuları sayılan “Nestle”, “Danone” və “Abbott” şirkətlərinə ciddi təsir göstərib. Halbuki bu sahə dünyada ən sərt tənzimlənən sənaye sahələrindən biri hesab olunur. Baş verənlər ictimai etimadı əhəmiyyətli dərəcədə sarsıdıb.

Müzakirələrin mərkəzində körpə qidalarında geniş istifadə edilən və beyin inkişafını dəstəklədiyi iddia olunan araxidon turşusu (ARA) dayanır. “Nestle” şirkəti çirklənmənin mənbəyi kimi bu maddənin istehsalında iştirak edən və Çində fəaliyyət göstərən “Cabio” şirkətini göstərib. Ekspertlər bildirirlər ki, istehsalçı və təchizatçı sayının artması, eləcə də dövlət yoxlamalarının yerini özəl auditlərin tutması riskləri daha da artırır.

“Nestle” tərəfindən həyata keçirilən geri çağırma tədbirləri şirkət tarixində ən genişmiqyaslı addım kimi qiymətləndirilir və 60-dan çox ölkəni əhatə edir.

Qlobal miqyaslı problem Azərbaycandan da yan keçməyib. Belə ki, 2025-ci il noyabrın 11-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ABŞ istehsalı olan “ByHeart Whole Nutrition Infant Formula” məhsulu ilə bağlı xəbərdarlıq yayıb. Bildirilib ki, sözügedən məhsul körpələrdə botulizm – ağır bakterial qida zəhərlənməsi riski yarada bilər.

Daha sonra, 2026-cı il yanvarın 7-də “Nestle” şirkəti körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi məhsullarını ehtiyat tədbiri olaraq geri çağırmaq qərarı verib. Avstriya, Almaniya, İtaliya, İsveçrə, Finlandiya, Danimarka, İrlandiya və Böyük Britaniyada “SMA”, “BEBA”, “ALFAMINO”, “Pre NAN” və digər markalar altında istehsal olunan bəzi partiyalar dövriyyədən çıxarılıb. Səbəb kimi istehsal zamanı məhsulların “Bacillus cereus” bakteriyasının ifraz etdiyi “sereulid” toksini ilə çirklənmə ehtimalı göstərilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bir daha vurğulayır ki, körpələrin qidalanması üçün ən təhlükəsiz və effektiv yol ana südüdür. Bununla belə, körpə qidası bazarı sürətlə böyüməkdə davam edir və proqnozlara görə, 2034-cü ilə qədər bu sahənin dövriyyəsi 180 milyard dolları ötə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.