Səxavət Məmədov bir müddətdir ki, Mingəçevir Dövlət Dram Teatırının direktoru kimi fəaliyyət göstərir. Ziyalı ailəsində dünyaya göz açan S.Məmmədov İqtisadiyyatın idarə olunması ixtisası üzrə təhsil alsa da, ali məktəbi bitirdikdən sonra əsasən media sahəsində çalışıb, daim insanlarla təmsda olub. Bu da müsahibimizə rəhbər vəzifədə işləməyə böyük imkanlar yaradıb.
-Məlumdur ki, bu şəhərin sənət məbədi olan teatrı onun inkişafından geri qalir- Bunun səbəblərinə aydınlıq gətirməyinizi xahiş edirik.
-Mən belə deməzdim! Bildiyiniz kimi, Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyanı təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədilə dövlət proqramı təsdiqlənib. Bu proqram çərçivəsində köhnə koloriti saxlamaqla yenidən bərpa olunan və müasir avadanlıqlar, işıq və səs effektləri ilə təmin olunan, yaradıcı insanlar üçün istənilən şəraiti olan Mingəçevir teatrının binası öz möhtəşəmliyi ilə şəhərimizə xüsusi bir gözəllik bəxş edir. Bununla yanaşı təmirdən sonra teatrın repertuarı günün tələblərinə uyğun formalaşıb. Ötən ilin yekunlarına nəzər yetirsək, görəcəyik ki, maliyyə və informasiya resurslarından səmərəli istifadə edən Mingəçevir teatrı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən öndə gedən teatrlar siyahısına salınmışdır. Biz də öz növbəmizdə bu ənənəni davam etdirmək üçün var gücümüzlə çalışırıq.
– Deməli bütün kollektiv gücünü yeni-yeni uğurlar əldə etməyə yönəldib?
-Bu gün Mingəçevir Dövlət Dram Teatrı klassik və müasir dramaturqlara, dünya ədəbiyyatının nümunələrinə müraciət edir. Bu, Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev tərəfindən təsdiq olunmuş 2014-cü il üçün repertuar planında öz əksini tapıb. Bununla da “əyalət çərçivəsindən çıxmaq” və dünya standartlarına uyğun tamaşalar qurmaq bizim qarşıda duran başlıca məqsədimizdir.
Mingəçevir tamaşaçısını teatra kütləvi dəvət etmək məqsədilə yeni strategiya və iş prinsipləri qurulur. İnternet vasitəsilə sosial şəbəkələrdə teatrın səhifəsi (https://www.facebook.com/mingechevir.dovlet.dram.teatri) yaradılıb. Buraya 1 ay ərzində 800-ə yaxın aktiv istifadəçi qoşulub. Həmin istifadəçilərə gun ərzində teatrda görülən işlər haqqında məlumatlar verilir. Tamaşaçıların istəyi müzakirə olunaraq nəzərə alınır.
Hazırda 2 mobil operatoru ilə danışıqlar aparılır. Bu operatorlarla Mingəçevir sakinlərinə tamaşaların premyerası haqqında SMS vasitəsilə məlumatlar çatdırılacaq.
-Səxavət müəllim, bir qədər öncə ölkə mətbuatında teatırınızda qalmaqallarla bağlı silsilə yazılar getdi. Bizi işdən çıxarılanların aqibəti maraqlandır…
-Əslində mən bu əməkdaşların uzun müddət işsiz qalmalarına çox təəssüfləndim. Bilirsiniz, teatrda lazımsız və xoşagəlməz dedi-qodular yaradıcı mühitə xeyir gətirmir. Biz işdən çıxarılan əməkdaşları teatra dəvət etdik. Onlara bu kimi neqativ hallara bir daha yol verməmələri və köhnə hadisələri yada salmayaraq daha çox yaradıcılıqla məşğul olmaları tövsiyə edildi. Gəlsinlər, qollarını çırmalasınlar və iş prosesinə girişsinlər. Onlar üçün bütün şərait yaradılıb.
-Bu yaxınlarda mövsüm başa çatacaq .Mövsümə qədər hansı tamaşalar üzərində işlər davam etdiriləcək?
-Hazırda Mingəçevir teatrında dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin “Ər və Arvad” musiqili komediyası səhnələşdirilir. Tamaşanın rejissoru respublikanın Xalq artisti Vaqif Əsədovdur. Bu gün tamaşanın son məşqləri aparılır və iyun ayının sonu teatrsevərlərin ixtiyarına veriləcək. Tamaşanın rejissoru bu tamaşaya xüsusən gənc aktyor heyətini dəvət edib. Məqsəd gənclərin bu sahədə təkmilləşməsi və daha çox təcrübə toplamalarıdır.
-Paytaxdan hansısa rejisorları və aktyorları dəvət etmək fikiriniz varmı?
-Teatrın gənc aktyor heyətinin peşəkarlığının daha da artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyindən Mingəçevir teatrına təcrübəli rejissorların dəvət olunması xahiş edilib və bu da nəzərə alınaraq bu il Xalq artisti rejissor Vaqif Əsədov başda olmaqla, tanınmış rejissorlar Bəhram Osmanov və Loğman Kərimov Mingəçevir Dövlət Dram Teatrına dəvət alıblar.
-Mingəçevirdə teatırın təbliği ilə bağlı elə bir reklam lövhəsi də yoxdur. Bu azmış kimi internet səhifəniz də özünü doğrultmur. Bu barədə nə deyə bilərsiniz.?
-Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Mingəçevir şəhərinə 3 ədəd müasir afişa tumbaları ayrılıb. Xüsusi görkəmli, işıqlı bu tumbaların şəhər əhalisinin ən çox toplaşdığı ərazilərdə və münasib yerlərdə quraşdırılması üçün Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciət olunub.
O ki, qaldı internet səhifəmizə, biz teatrın əvvəlki internet səhifəsini dayandırmışıq. Bu gün daha professional və təcrübəli şirkət tərəfindən teatrın yeni səhifəsi yaradılır və son tamamlanma işləri görülür. Yaxın günlərdə həmin səhifənin təqdimat mərasimi keçiriləcək. Yenilik olaraq bildirim ki, bu sayt vasitəsilə tamaşaçı teatra onlayn bilet sifariş edə biləcək.
-Deyəsən bu teatrın rejissor sarıdan da bəxti gətirmir. Səhv etmirəmsə burada Günay xanım rejissor idi?
-Ümumiyyətlə ixtisaslı rejissor nəinki Mingəçevir, bütün bölgə teatrları üçün problemli məsələdir. Yerlərdə ixtisaslı və təcrübəli kadr tapmaq çətindir. Bu günlərdə teatrımızda olan boş yerlərlə bağlı Mədəniyyət və İncəsənət Universitetinə məktub göndərəcəyik. Bizim bölgədən həmin universitetdə təhsil alan və ya oranı bitirən kadr olarsa, bizdəki iş yerləri ilə bağlı onlara məlumat verəcəyik. O ki qaldı Günay xanıma, onun Mədəniyyət və Turizm Nazirliyi ilə bağladığı müqavilənin vaxtı bitdiyi üçün geri çağrıldı.
-Xarici ölkələrə səfərləriniz olacaqmı?
-Mütəmadi olaraq ölkədən kənar təşkil olunan teatr festivalları ilə maraqlanırıq. Bu il noyabrın 10-dan 20-dək Ankarada, oktyabrın 25-dən 5-dək İstanbulda Beynəlxalq teatr festivalları keçiriləcək. Avqust ayında iştirak üçün geydiyyat başlayacak. Bunun üçün lazımi sənədləri hazırlayırıq. Ümid edirik ki, bu festivallarda teatrımız layiqincə təmsil olunacaq.
-Qalmaqalı ilə ad çıxarmış bu sənət məbədində işləmək sizin üçün çətin deyilmi?
-Teatr kifayət qədər ciddi bir sənət ocağıdır. Teatr daxilində hər hansı bir problem, narazılıq varsa, bunu şouya çevirməyin qəti əleyhinəyəm. Çünki teatrlarda hələ Şekspir dövründən bu günə qədər müəyyən narazılıqlar, problemlər olub, olacaq da! Bu narazılığı mətbuatda müzakirə etməyi normal hal saymıram. Bütün bunlar teatrın daxilində çox rahatlıqla, asanlıqla, kompromis variantlarla həll oluna bilən məsələlərdir.
Mətbuatı gündəlik izləyənlər daha yaxşı bilir ki, Mingəçevir teatrı bu gün ancaq yaradıcı işlərlə məşğuldur. Köhnə qalmaqallar, köhnə söz-söhbətlər hamısı keçmişdə qalıb.
-Yeri gəlmişkən burada ilk islahatlarınız nələr oldu?
-Nizam-intizamdan başladım. Buraya gələn hər bir tamaşaçı daxili nizam-intizam görməli, yüksək mədəniyyətin şahidi olmalıdır.
Şərhlər bağlıdır.