Kiyev raket və PUA hücumlarının hədəfi oldu
Prezident Zelenski beynəlxalq cəmiyyətdən sərt reaksiya gözləyir
Rusiya hərbçiləri Ukraynanın paytaxtı Kiyevə böyük miqyaslı hücum həyata keçiriblər. Şəhərə həm ballistik raketlər, həm də pilotsuz uçuş aparatları (PUA) ilə atəş açılıb.
Rəsmi məlumatlara görə, azı 8 nəfər həyatını itirib, təxminən 30 nəfər yaralanıb. Dağıntılar altında insanlar qalıb, yardım komandaları onları çıxarmaq üçün çalışır. Xüsusilə Darnitski rayonunda beşmərtəbəli yaşayış binasının bir hissəsi raket zərbəsi nəticəsində tamamilə dağılıb.
Hücum zamanı “Şahed” tipli PUA-lardan və “Kinjal” raketlərindən istifadə olunub. Rusiya tərəfi isə indiyədək rəsmi açıqlama verməyib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hücum nəticəsində biri uşaq olmaqla azı səkkiz nəfər həyatını itirib. Prezidentin sözlərinə görə, onlarla insan yaralanıb və hadisə uşaqların təhlükəsizliyinə dünya diqqətini cəlb etməlidir:
“Rusiya dünyada bir qrup insanın uşaqların öldürülməsinə laqeyd yanaşmasından faydalanır. Buna görə Çin və digər ölkələrdən bu hadisəyə reaksiyanı gözləyirəm. Uşaqların həyatı hər şeydən önəmlidir, sülh çağırışları edən hər kəs prinsipial mövqe nümayiş etdirməlidir.”
Zelenski həmçinin bildirib ki, Rusiyaya qarşı yeni və sərt sanksiyaların tətbiq edilməsinin vaxtı çatıb və beynəlxalq cəmiyyətin bu məsələdə səs verməsi vacibdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.