Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kiyevə edilən kütləvi dron hücumundan sonra Prezidentdən sərt açıqlama

“Şahed” PUA-larına qarşı müdafiə gözlənilən nəticəni vermədi, enerji obyektləri zərər gördü

68

Ötən gecə Rusiyanın həyata keçirdiyi genişmiqyaslı hava hücumu zamanı Ukraynanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti gözlənilən səviyyədə olmayıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa etdiyi axşam müraciətində məlumat verib.

Prezidentin sözlərinə görə, hazırda ən mürəkkəb vəziyyət Kiyev və ətraf bölgələrdə qeydə alınıb. O bildirib ki, səhər saatlarında “Şahed” tipli pilotsuz uçuş aparatlarından biri paytaxt yaxınlığında yerləşən enerji obyektini vurub. Hadisədən sonra bərpa briqadaları dərhal əraziyə cəlb olunub.

Zelenski qeyd edib ki, hücum zamanı müxtəlif müdafiə vasitələri – mobil atəş qrupları, hava tutucuları və “F-16” qırıcıları istifadəyə verilsə də, nəticə qənaətbəxş olmayıb. Onun fikrincə, hava hücumlarına cavab mexanizmi yenidən nəzərdən keçirilməli və daha effektiv formada qurulmalıdır.

Dövlət başçısı yaranmış vəziyyəti müdafiə naziri Mixaylo Fedorovla ayrıca müzakirə etdiyini vurğulayıb və bu istiqamətdə konkret nəticələrin çıxarılacağını bildirib.

Qeyd edək ki, son hücum zamanı Rusiya ordusu Ukrayna ərazisinə ümumilikdə 339 ədəd müxtəlif tipli hücum PUA-sı göndərib. Ukrayna Hərbi Hava Qüvvələri onlardan 315-nin məhv edildiyini və ya radioelektron vasitələrlə zərərsizləşdirildiyini açıqlayıb. Hücum zamanı qarşısı alınmayan dörd pilotsuz aparat enerji obyektlərinə ziyan vurub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.