Kamçatkada son 30 ilin ən güclü qar yağışı həyatı iflic etdi
Petropavlovsk-Kamçatskidə iki nəfər ölüb, bölgədə fövqəladə vəziyyət rejimi qüvvədədir, qarın qalınlığı 1,5 metrə çatıb
Rusiyanın Kamçatka yarımadasında həftənin əvvəlindən başlayan və son günlər daha da şiddətlənən güclü qar yağışı bölgədə həyatı demək olar ki, tamamilə iflic edib. Əlverişsiz hava şəraiti səbəbindən yarımadanın inzibati mərkəzi olan Petropavlovsk-Kamçatski şəhərində iki nəfərin həlak olduğu bildirilir. Hadisədən sonra bölgədə fövqəladə vəziyyət rejimi tətbiq olunub və hazırda davam edir.
Güclü qar yağışı və qar fırtınası nəticəsində şəhərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılıb, avtomobil yolları bağlanıb. Təhlükəli hava şəraiti ilə əlaqədar məktəblərdə dərslər təxirə salınıb, bir sıra dövlət qurumları və müəssisələr isə məsafədən iş rejiminə keçib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, vəziyyətin nəzarətdə saxlanılması və sakinlərə yardım məqsədilə Rusiya Milli Qvardiyasının (Rosqvardiya) əməkdaşları prosesə cəlb olunub. Onlar həm təxliyə işlərində, həm də təhlükəsizliyin təmin edilməsində iştirak edirlər.
Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, xilasedicilər gücləndirilmiş rejimdə çalışır və qar altında qalan evlərdə yaşayan vətəndaşlara çatmaq üçün fasiləsiz tədbirlər həyata keçirilir. “Fobos” Meteoroloji Mərkəzinin məlumatına əsasən, bölgədə qar örtüyünün qalınlığı artıq 1,5 metrə çatıb və yaxın günlərdə bu göstəricinin daha da artacağı gözlənilir.
Mütəxəssislər qeyd edirlər ki, bu hava hadisəsi son 30 il ərzində Kamçatka yarımadasında qeydə alınan ən intensiv qar yağışı hesab olunur. Sosial şəbəkələrdə yayılan görüntülərdə yaşayış binalarının və avtomobillərin tamamilə qalın qar qatının altında qaldığı aydın görünür.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.