Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kamala Harris ABŞ-ın Venesueladakı Hərbi Əməliyyatını Sərt Tənqid Etdi

Sabiq vitse-prezident əməliyyatı qanunsuz və ağılsız adlandıraraq bunun neft maraqları və siyasi ambisiyalarla bağlı olduğunu bildirib.

180

ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyata ölkə daxilindən də sərt tənqidlər səslənib. ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Nikolas Maduronun avtoritar və qanunsuz idarəçiliyinin Vaşinqtonun addımını nə hüquqi, nə də məntiqli etdiyini bildirib.

Harris qeyd edib ki, bu cür müdaxilələr ABŞ üçün yeni deyil: “Bu ssenarini əvvəllər də yaşamışıq. Rejim dəyişikliyi və ya enerji maraqları uğrunda aparılan müharibələr güc nümayişi kimi təqdim olunur, amma nəticədə xaos yaranır və bunun yükünü Amerika ailələri daşıyır.”

Sabiq vitse-prezident vurğulayıb ki, baş verənlərin narkotiklə mübarizə və ya demokratiyanın müdafiəsi ilə heç bir əlaqəsi yoxdur. Onun fikrincə, məsələ Venesuelanın neft ehtiyatları və Donald Trampın regionda güc mərkəzi kimi çıxış etmək ambisiyaları ilə bağlıdır. Harris əlavə edib ki, əgər Tramp həqiqətən bu dəyərlərə önəm versəydi, Maduronun ətrafı ilə gizli razılaşmalara getməz, məhkum olunmuş narkotik alverçilərini əfv etməz və Venesuelanın legitim müxalifətini prosesdən kənarlaşdırmazdı.

Kamala Harris həmçinin bildirib ki, bu siyasət ABŞ hərbçilərini təhlükə altına atır, milyardlarla dollar vəsaitin xərclənməsinə səbəb olur və bütövlükdə regionda sabitliyi pozur. Onun sözlərinə görə, Amerika xalqının ehtiyacı xarici müdaxilələr deyil, daxili problemlərə fokuslanan, işləyən ailələrin yükünü azaldan, qanunun aliliyini qoruyan və müttəfiqlərlə əməkdaşlığı gücləndirən liderlikdir.

Qeyd edək ki, bir gün əvvəl ABŞ ordusu Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Əməliyyat zamanı Prezident Nikolas Maduro və onun həyat yoldaşı saxlanılaraq ABŞ-a aparılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.