Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İstifadəsiz torpaqlara nəzarət gücləndirilir

Hökumət geniş monitorinqə başlayır, əkinə yararlı sahələrin dövriyyəyə qaytarılması prioritet elan olunub

28

Azərbaycanda uzun illərdir məmurlar və nüfuzlu şəxslər tərəfindən hasarlanaraq boş saxlanılan torpaq sahələri yenidən gündəmə gəlib. Əkin üçün yararlı olsa da, illərlə becərilməyən bu ərazilər ölkənin ərzaq təhlükəsizliyinə və kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir.

Prezident İlham Əliyev icra başçıları ilə görüşdə torpaqlardan səmərəsiz istifadəyə, qanunsuz zəbt və kateqoriya dəyişikliklərinə sərt reaksiya göstərərək bildirib ki, bəzi vəzifəli şəxslər əkin sahələrində özlərinə imarətlər tikib. Dövlət başçısının bu mesajı torpaq idarəçiliyində yeni mərhələnin başlandığını göstərir.

Ekspertlərin fikrincə, istifadəsiz torpaqların dövriyyəyə qaytarılması məhsuldarlığın artmasına və kənd yerlərində iqtisadi fəallığın yüksəlməsinə səbəb olacaq. Hazırda hökumət ölkə üzrə geniş monitorinq aparmağa hazırlaşır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vurğulayıb ki, uzun illər becərilməyən torpaqlar münbitliyini itirir. Onun sözlərinə görə, özəlləşdirilmiş torpaqlar belə boş qala bilməz – əgər sahib fiziki olaraq becərə bilmirsə, torpaq icarəyə verilməlidir.

Rzayev bildirib ki, uzun müddət istifadəsiz qalan torpaqlar ya geri alınacaq, ya da həmin sahələrə görə vergi və ödənişlər artırılacaq. Çünki istifadəsiz qalan torpaqlar həm ərzaq təhlükəsizliyinə, həm də yerli əhalinin sosial vəziyyətinə ziyan vurur.

Nəticə olaraq, yüzlərlə hektar istifadəsiz torpağın dövriyyəyə qaytarılması və hər qarış torpaqdan səmərəli istifadə olunması ölkə üçün prioritetə çevrilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.