Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İsrail Qətər və Türkiyənin HƏMAS-la bağlı təkliflərinə sərt reaksiya verdi

Təl-Əviv HƏMAS-ın silahsızlaşdırılması üçün uzunmüddətli planları qəbul etmir və Türkiyənin Qəzzada sabitləşdirici qüvvədə iştirakına qarşı çıxır

29

İsrail rəsmiləri HƏMAS-ın silahsızlaşdırılmasına dair Türkiyə və Qətər tərəfindən irəli sürülən alternativ təklifləri qəbuledilməz adlandırıblar. Bu barədə məlumatı İsrail mediası yayıb.

“Yediot Ahronot” qəzetinə danışan rəsmi mənbələr bildiriblər ki, təklif olunan model HƏMAS-ın Qəzza zolağında mövcudluğunu faktiki olaraq qoruyur və bu, İsrail üçün yolverilməzdir.

Məlumata görə, Türkiyə və Qətər HƏMAS-a məxsus silahların Fələstin Muxtariyyətinə təhvil verilməsi və ya beynəlxalq nəzarət altında saxlanılması ssenarisini irəli sürüblər. Lakin bu proses üçün tələb olunan iki illik tərksilah müddəti Tel-Əviv tərəfindən qəbul olunmur. İsrail yalnız bir neçə aylıq, qısa və sürətli mərhələli tərksilah variantını mümkün hesab edir.

Rəsmilər həmçinin vurğulayıblar ki, Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitləşdirici qüvvələrdə Türkiyənin iştirakı İsrail tərəfindən qəti şəkildə rədd olunur. Məlumata görə, Təl-Əviv hazırda Rəfah bölgəsində “HƏMAS-sız mülki idarəetmə modeli” üzərində iş aparır.

İsrail kəşfiyyatının qiymətləndirməsinə əsasən, Qəzza əhalisinin 75 faizi artıq HƏMAS-ı dəstəkləmir. Bununla belə, mənbələr xəbərdarlıq ediblər ki, atəşkəs dövründə yaranmış boşluqdan istifadə edən təşkilat öz sıralarını bərpa etməyə çalışır və bölgədə təsirini artırır.

İsrail rəsmiləri bildiriblər ki, HƏMAS-ın tam silahsızlaşdırılması üçün ABŞ və digər tərəflərin təşəbbüslərinə arxalanmaq mümkün deyil və ölkə bu məsələ ilə bağlı daha sərt, müstəqil əməliyyat planına ehtiyac duyur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.