Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İranda “hicab inqilabı” səngimir

Qadınlar artıq küçələrdə hicabsız gəzirlər — hökumət qaydanı tətbiq edə bilmir

10

İran küçələrində dövlətin məcburi hicab qaydasına meydan oxuyan qadınların sayı sürətlə artır. Artıq hicabsız gəzən qadınlar xüsusilə Tehran və digər böyük şəhərlərdə adi mənzərəyə çevrilib.

İranlı qadın jurnalistlərin Azadlıq radiosunun Fars bürosuna verdiyi məlumata görə, son bir ildə küçələrdə hicabsız qadınların görünməsi “cəsarət göstəricisi” yox, sadəcə gündəlik həyatın bir hissəsidir.

Bu prosesin dönüş nöqtəsi 2022-ci ildə Məhsa Əmininin ölümü ilə başlayan etiraz aksiyaları olub. Hicab qaydasını pozduğu üçün saxlanılan gənc qadının polis nəzarətində ölməsi ölkə üzrə geniş iğtişaşlara səbəb olmuşdu. Aksiyalar zamanı qadınlar hicablarını yandıraraq dini rəhbərliyə qarşı etiraz səsini ucaltmışdılar.

Etirazlardan sonra hökumət “Hicab və İffət” adlı qanun qəbul edərək, qaydaları pozanlara qarşı sərt cəzalar — həbs, cərimə və səyahət qadağaları tətbiq etməyə çalışdı. Lakin artan narazılıqlar səbəbindən bu qanunun icrası Ali Təhlükəsizlik Şurasının qərarı ilə dayandırıldı.

Oktyabrın 3-də Məsləhət Şurasının üzvü Məhəmməd Rza Bəhonar jurnalistlərə açıqlamasında bildirib ki, “hazırda ölkədə məcburi hicab qanunu faktiki olaraq qüvvədə deyil”.

Bu açıqlama mühafizəkar dairələrdə narazılıq yaratsa da, müşahidələr göstərir ki, paytaxt və iri şəhərlərdə real vəziyyət artıq dəyişib. “Radio Farda”nın müxtəlif bölgələrdə danışdığı 12 qadın qeyd edib ki, əvvəllər “əxlaq polisi” ilə qarşılaşmamaq üçün baş örtüyünü çantalarında saxlayırdılar, indi isə buna ehtiyac qalmayıb.

Ekspertlər hesab edir ki, İran qadınlarının hicabsız yaşamaq qərarı artıq geridönməz bir ictimai prosesə çevrilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.