İranda etirzaçılara atəş açmayan əsgərə sərt cəza
Dinc nümayişçilərə atəş açmaqdan imtina edən gənc əsgərə ölüm hökmü verildi
İranda etiraz aksiyaları zamanı mülki şəxslərə atəş açmaqdan imtina edən gənc hərbçi ölüm cəzasına məhkum edilib. Söhbət Cavid Xalis adlı iranlı əsgərdən gedir.
Bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi X hesabında paylaşılıb. Bildirilib ki, Cavid Xalis dinc etirazçılara qarşı silah işlətmək əmrinə tabe olmayıb və məhz bu mövqeyinə görə edam hökmü alıb.
Açıqlamada vurğulanır ki, onun qərarı təkcə doğru deyil, eyni zamanda vicdani baxımdan yeganə düzgün seçim idi. “Əsgərin əsas borcu öz xalqını qorumaqdır. Cavid də məhz bunu edib”, – deyə qeyd olunub.
ABŞ Dövlət Departamenti İran hakimiyyətinin silahlı qüvvə üzvlərini vətəndaşlara qarşı zorakılığa məcbur etməsini və bundan imtina edənləri ağır şəkildə cəzalandırmasını kəskin tənqid edib. Açıqlamada bildirilib ki, belə addımlar qəbuledilməzdir və insanlığa ziddir, çünki söhbət adi insanlardan – kiminsə valideynindən, övladından və ya yaxınından gedir.
Departament həmçinin vurğulayıb ki, heç bir dövlət təhlükəsizlik qüvvələrini öz xalqına qarşı zor tətbiq etməyə məcbur etməməli və vicdanını üstün tutanları ən ağır cəzalarla susdurmamalıdır. “Cavid vicdanının səsinə qulaq asdı və əsl əsgər kimi davrandı. İran hakimiyyətinin reaksiyası isə onun legitimliyinə növbəti ciddi zərbədir”, – deyə açıqlamada qeyd olunub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.