İran Prezidenti: “Heç kimi hicab taxmağa məcbur etmək olmaz”
Məsud Pezeşkian: “Məcburiyyətlə yox, dialoq və qarşılıqlı anlayışla nəticə əldə etmək mümkündür”
İran Prezidenti Məsud Pezeşkian qadınların hicab taxmasının məcburi olub-olmaması ilə bağlı “Fox News” telekanalına verdiyi müsahibədə diqqətçəkən açıqlama verib.
Dövlət başçısı bildirib ki, cəmiyyətin dəyərləri və mədəniyyətinə hörmət vacib olsa da, insanları nəyəsə məcbur etməyin tərəfdarı deyil:
“Mən məcburiyyətə inanmıram və bunu praktik hesab etmirəm. Heç vaxt kimisə istəmədiyi bir şeyə məcbur edə bilməzsən. Məsələləri zorla deyil, dialoq yolu ilə həll etməliyik.”
Pezeşkianın sözlərinə görə, ölkədə mövcud qanunlara baxmayaraq, hazırda daha yumşaq və anlayışa əsaslanan bir yanaşma formalaşır:
“Bu məsələləri döyüş, həbslər və sərt tədbirlərlə həll etmək mümkün deyil. Normal hicab qaydalarından kənara çıxan halları istisna etsək, İranda bu gün məcburiyyət mövcud deyil.”
Prezident əlavə edib ki, son illərdə qadınların cəmiyyətdə rolu və azadlığı artıb:
“Hazırda hökumətdə dörd-beş qadın yüksək vəzifə tutur. Bu, İranda indiyədək görünməmiş haldır.”
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.