Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran etirazlarının ağır nəticələri

Rəsmi açıqlamalara görə, iğtişaşlar zamanı minlərlə insan həlak olub, dövlət və mülki obyektlərə ciddi ziyan dəyib

138

İranda baş verən etiraz aksiyaları zamanı ölkə ərazisində çoxsaylı ictimai iaşə obyektləri, dövlət qurumları və polis məntəqələrinin ciddi zərər gördüyü bildirilib.

Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb. Açıqlamada qeyd olunub ki, etirazlar zamanı vətəndaşlara məxsus mülklər və yaşayış evləri hədəfə alınıb, bəzi şəhərlərdə təxminən 200 ticarət obyektinin yandırıldığı qeydə alınıb. Mağazalarını bağlamaqdan imtina edən sahibkarların isə fiziki zorakılıqla hədələndiyi vurğulanıb.

Məlumata görə, iğtişaşlar nəticəsində 53 yanğınsöndürən avtomobil və 180 təcili tibbi yardım maşını tamamilə yararsız hala düşüb. Paytaxtda 26 bank filialı və 25 məscid vandalizmə məruz qalıb, ölkə üzrə isə ümumilikdə 53 məscidin yandırıldığı bildirilib.

Açıqlamada yaralı şəxslərin qətlə yetirildiyi, bəzi hallarda onlara yaxın məsafədən atəş açıldığı da iddia olunur. Eyni zamanda, silahlı qruplardan 1300-dən artıq odlu silah və hərbi sursatın müsadirə edildiyi qeyd edilib.

İran tərəfi ölkədə dinc etiraz hüququnun tanındığını, lakin vətəndaşların təhlükəsizliyinin, ictimai mülkiyyətin və milli asayişin qorunmasının prioritet olduğunu vurğulayıb. Qanunvericiliyə uyğun olaraq iğtişaşlar törədən və terror fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı sərt tədbirlərin görüləcəyi bildirilib.

Bu arada İranın ali dini lideri Əli Xamenei “X” sosial şəbəkəsindəki paylaşımında etirazlar zamanı bir neçə min nəfərin həyatını itirdiyini qeyd edib. O, baş verən qətllərdə ABŞ və İsraili ittiham edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.