İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığa dövlət dəstəyi genişlənir
Güzəştli kreditlər sənaye, kənd təsərrüfatı, xidmət və turizm sahələrində fəaliyyət göstərən sahibkarları əhatə edir
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara 2025-ci ilin dekabr ayınadək ümumilikdə 45,6 milyon manat məbləğində güzəştli kredit təqdim edilib.
Azərbaycan Biznesinin İnkişafı Fondundan (ABİF) verilən məlumata görə, sahibkarların bank və bank olmayan kredit təşkilatlarından cəlb etdikləri kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanəti təmin olunur. Bununla yanaşı, həmin kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi maksimum 36 ay müddətində dövlət tərəfindən subsidiyalaşdırılır.
Məlumata əsasən, cari ilin dekabr ayınadək 43 layihə üzrə sahibkarların banklardan götürdüyü 55,9 milyon manat kreditə 47,8 milyon manat dövlət zəmanəti verilib. Eyni zamanda kredit faizlərinin subsidiyalaşdırılması üçün 14,4 milyon manat vəsaitin ayrılması təsdiqlənib.
Qeyd olunur ki, bu dəstək mexanizmlərindən yararlanan sahibkarlıq subyektləri əsasən sənaye, kənd təsərrüfatı, xidmət və turizm sahələrində fəaliyyət göstərir. Dövlətin tətbiq etdiyi bu maliyyə alətləri işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin artırılmasına və dayanıqlı sahibkarlıq mühitinin formalaşdırılmasına xidmət edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.