Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İqtisadi inkişaf göstəriciləri açıqlanıb

Nazir Mikayıl Cabbarov: Son illərdə vergi və gömrük güzəştləri özəl sektorun inkişafına ciddi təkan verib

76

Ötən il Azərbaycanda qeyri-neft-qaz sektorunun özəl bölməsindən büdcəyə daxilolmaların payı 76 faizə çatıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, 2021–2025-ci illər ərzində qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik 5,9 faiz real artımı ölkə iqtisadiyyatının genişlənməsinin əsas hərəkətverici qüvvələrindən biri olub. O qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi prosesində özəl sektor mühüm rol oynayır və dövlət tərəfindən bu sahəyə dəstək tədbirləri davam etdirilir.

Mikayıl Cabbarov bildirib ki, son illərdə özəl sektorun inkişafına göstərilən dövlət dəstəyinin böyük hissəsi vergi və gömrük güzəştləri vasitəsilə həyata keçirilib. Bu yanaşma ölkə iqtisadiyyatında struktur dəyişikliklərinə səbəb olub və özəl sektorun vergi daxilolmalarında payının artmasına şərait yaradıb.

Nazir həmçinin vurğulayıb ki, 2025-ci ildə qeyri-neft-qaz özəl sektoruna yönələn investisiyalar 11,1 faiz artıb. Xarici mənbələr hesabına əsas kapitala yatırılan investisiyalarda isə 24 faizlik artım qeydə alınıb. Eyni zamanda, qeyri-neft-qaz sənayesində investisiyaların həcmi 26 faizə qədər yüksəlib.

Onun sözlərinə görə, 2021–2025-ci illərdə bu sahədə yaradılan əlavə dəyər orta hesabla hər il 8 faiz artıb. Nəticədə qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2018-ci ildəki 58,3 faizdən 2025-ci ildə 71,5 faizə qədər yüksəlib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.