İnternet əsrində Mingəçevirin internetsiz qalan küçələri
Şəhərdə ucqar kənd həyatı yaşayanlar elə əvvəlki Mingəçevir kəndinin (hazırda Sahil, Nəsimi, Fərruxov küçələri) sakinləridir. Adiyyatı qurumlar hər il söz versələr də ərazinin “hörümçək tor”nu tənzimləməkdə çətinlik çəkirlər. Sakinlərin dediyinə görə, ev telefonları olmasına baxmayaraq, internet çəkdirə bilmirlər. Səbəb kimi xəttin yararsız olduğunu göstərirlər.
Sahil küçəsinə daxil olarkən yararsız xətlər diqqəti çəkir. Küçənin girişində ilk baxışdan hörümçəklərin dava etdiyi məkana bənzər yer elə problemin başlanğıcı hesab edilə bilər. Burada xətlər qırılıb həyətlərə düşür və heç nəyə yaramır.
Səlminə Yusifovanın dediyinə görə, şagirdlər və müəllimlər çətin vəziyyətlə üzləşiblər. Əksər uşaqlar virtual təhsil proqramından kənarda qalıb: “Bizim küçədə hər evdən 4-5 uşaq məktəbə gedir. Onların hamısı pandemiya günlərində təhsildən kənarda qaldı. Düzdür, limitsiz paketlər təklif edildi, amma onunla da dərs keçmək olmur”.
Anar Xasməmmədovun fikrincə, dağlara belə internet çəkildiyi zamanda yaşıllıq şəhərində internetin yoxluğu təəssüf doğurur: “Nəsimi, Fərruxov, Talıbov küçlərində, demək olar ki, internet yoxdur. Çünki qırıq-qırıq telefon xətti ilə interneti ötürmək mümkün deyil”.
Fərruxov küçəsində yaşayan Murad Osmanlı da narazılığını dilə gətirdi: “Online dərslər başlayır. İnternet var, məktəbin üstü ilə gəlir, amma zəifdi. Yoldan keçən avtomobillər xəttə toxunan kimi qırılır, dərsimiz yarımçıq qalır. Küçədə bir bizdə, bir də qonşuda internet var, o da bu vəziyyətdə…”
Yerli sakinlər onu da diqqətimizə çatdırdılar ki, Aztelekom Mingəçevir şöbəsindən neçə illər ərzində ancaq vəd alıblar: “Planlarımız var. Gözləyirik, nə vaxt vəsait ayrılsa, əraziyə internet xətti çəkəcəyik”.
Biz də sakinlərin şikayətini dinləyib üz tutduq Mingəçevir Telekommunikasiya Qovşağına. Qovşaqda bildirdilər ki, məsələyə aydınlıq gətirə bilməyəcəklər: “Bunun üçün nazirliyin mətbuat xidmətinə müraciət edin”.
Şərhlər bağlıdır.