Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İnsanları sənəd bəhanəsi ilə onu soyuqda saxlamaq ədalətsizlikdir

Deputat təklif edir: Sənədi olmayan evlərə qaz çəkilsin, alternativ istilik mənbələri təmin edilsin

54

“Qaz təchizatı haqqında” qanun təcili şəkildə dəyişdirilməlidir ki, vətəndaşlardan mülkiyyət sənədi tələb olunmadan yaşayış evlərinə qaz çəkilə bilsin. Söhbət artıq texniki prosedurlardan yox, insanların qışda soyuqdan qorunmasından gedir.

Bu fikirləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev səsləndirib. O bildirib ki, bir çox yaşayış məntəqəsində qaz xətləri evlərin lap yanından keçsə də, sənədləşmə tam olmadığı üçün evlər qazsız qalır.

Deputatın sözlərinə görə, qaz infrastrukturu mövcud olduğu halda evlərin soyuq qalması məntiqsizdir:
“Qaz var, boru var, amma evin içi buz kimidir. Vətəndaşa deyirik ki, sənədin yoxdur, gözlə. Bəs o insan bu müddətdə necə yaşasın? Qışa deyək ki, dayan, uşağa deyək ki, üşümə, yaşlı adama deyək ki, döz? Bu, real həyatdan uzaq yanaşmadır”.

R.Nurullayev qeyd edib ki, vətəndaşın alternativ istilik mənbələrinə çıxışı da məhduddur. Odun tədarükünə icazə verilmir, ağac kəsənlər məsuliyyətə cəlb olunur, kömür isə çox bahadır. Onun sözlərinə görə, dövlət tərəfindən münasib qiymətə alternativ yanacaq da təqdim edilmir və nəticədə insanlar çıxılmaz vəziyyətdə qalır.

Deputat vurğulayıb ki, qadağalar tətbiq olunursa, paralel olaraq çıxış yolu da göstərilməlidir:
“Qaz vermirsənsə, alternativ təqdim etməlisən. Əks halda bu islahat yox, laqeydlikdir”.

O həmçinin bildirib ki, illərlə yığılıb qalmış problemlərin birdən-birə vətəndaşın üzərinə qoyulması nə realdır, nə də ədalətli:
“30–40 il ərzində yaranmış sistemli nöqsanların məsuliyyətini bu gün sadə insanın üzərinə yükləyib qısa müddətdə həll etməsini tələb etmək mümkün deyil”.

Sonda deputat konkret təkliflərlə çıxış edib:
Birincisi, icra hakimiyyətinin arayışı evə qaz çəkilməsi üçün hüquqi əsas kimi qəbul edilsin. İkincisi isə qaz olmayan ərazilərdə dövlət odun və kömür təminatını ya təşkil etsin, ya da nəzarətli şəkildə tədarükə icazə versin.
“İnsan evində yaşayırsa, sənəd bəhanəsi ilə onu soyuqda saxlamaq ədalətsizlikdir”, – deyə R.Nurullayev qeyd edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.