AzərbaycanElm və təhsilMDUXəbərlər

İki universitet birlikdə ADNSU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirib

Dekabrın 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinə həsr olunan birgə tədbir keçirilib. Tədbirdə hər iki universitetin rektorları, professor-müəllim heyəti, o cümlədən hər iki universitetin Elmi Şurasının üzləri və tələbələr iştirak ediblər.

Online formatda təşkil olunan tədbiri açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən Müharibəsində əldə edilən möhtəşəm qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından və qanından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Professor Mustafa Babanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2020-ci il tarixli müvafiq Sərəncamına əsasən ölkədə yüksəkixtisaslı peşəkar kadr potensialının formalaşdırılması sahəsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq ADNSU-nun 100 illiyinin respublika səviyyəsində qeyd olunmasını diqqətə çatdırıb, yubileyə həsr olunan birgə tədbirin təşkili təşəbbüsünə görə MDU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. O, çıxış zamanı son dövrdə ADNSU-da elm, təhsil, beynəlxalq əməkdaşlıq və digər sahələrdə baş verən əhəmiyyətli keyfiyyət dəyişikliklərindən danışıb. Həmçinin qeyd edib ki, region universitetləri, o cümlədən MDU ilə qarşılıqlı faydalı əməkdaşlığa xüsusi diqqət yetirilir və bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yeni-yeni addımlar atılır.

Sonra MDU-nun rektoru Şahin Bayramov 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik edib, qalib Ali Baş Komandanımızın və yenilməz Azərbaycan əsgərinin sayəsində 30 illik həsrətə son qoyularaq Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının hər birimizdə sonsuz sevinc və böyük fəxarət hissləri yaratdığını bildirib.

ADNSU-nun professor-müəllim, tələbə və məzun heyətini 100 illik yubiley münasibətilə ürəkdən təbrik edən Ş.Bayramov bu ali təhsil müəssisəsinin Azərbaycan cəmiyyətində oynadığı əhəmiyyətli roldan bəhs edib, bu təhsil ocağının Azərbaycan və dünyanın çoxsaylı ölkələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan qocaman ali təhsil müəssisəsi olduğunu qeyd edib. Ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışan, Azərbaycanımızın hərtərəfli inkişafına əhəmiyyətli töhfələr verən, sıralarında görkəmli alimləri və tanınmış dövlət xadimləri olan məzunlarının hər zaman öz peşəkarlıqları ilə seçildiyini bildirən Ş.Bayramov hazırda ADNSU-nun yeni keyfiyyət mərhələsində fəaliyyətini uğurla davam etdirdiyini vurğulayıb.

ADNSU-nun Qaz-neft mədən fakültəsinin dekanı, professor Qafar İsmayılov “Neft elmi və kadrlarının beşiyi olan universitet” mövzusunda çıxış edərək ADNSU-nun qabaqcıl ali təhsil müəssisəsinə çevrilməsi istiqamətində keçdiyi tarixi inkişaf yolu, ölkənin neft sənayesinin inkişafında universitetin hazırladığı kadrların rolu, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, səmərəli idarəetmənin təmin edilməsi istiqamətində reallaşdırılan struktur dəyişikliklərindən danışıb.

MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi, dosent, ADNSU-nun məzunu Almaz Əliyeva “Regional ali təhsil müəssisələrinin inkişafında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunlarının rolu” mövzusunda çıxış edərək bu universitetdə aldığı ali təhsilin onun akademik karyerasının inkişafında rolu, regionda yerləşən ail təhsil müəssisələrində yüksək keyfiyyətli kadrların hazırlanmasında ADNSU ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Tədbir zamanı həmçinin, iki universitet arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, birgə tədqiqatların aparılması, ortaq layihələrin icra edilməsi, MDU tələbələri və müəllimlərinə ADNSU-nun zəngin kitabxanasına çıxış imkanının verilməsi, MDU-nun gənc əməkdaşlarının ADNSU-da doktorantura səviyyəsində təhsil alması və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə ilkin razılıq əldə olunub.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close