Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İki ayda 13 qanunsuz balıq ovu faktı: 15 min manat cərimə tətbiq edilib

Reydlər zamanı təbiətə 2 843,5 manat ziyan dəydiyi müəyyənləşdirilib, qanunsuz ov alətləri müsadirə olunub.

48

2026-cı ilin yanvar–fevral aylarında ölkə ərazisində 13 qanunsuz balıq ovu faktı aşkar edilib. Nəticədə 15 inzibati protokol tərtib olunub və ümumilikdə 15 000 manat məbləğində cərimə tətbiq edilib. Araşdırmalar zamanı təbiətə 2 843,5 manat ziyan dəydiyi müəyyən olunub.

Balıqçılıq və Akvakultura Mərkəzinin Teleqraf-a verdiyi məlumata görə, tədbirlər əsasən Xəzər dənizi və daxili su hövzələrində həyata keçirilib.

Novxanı sahilində iki qanun pozuntusu qeydə alınıb, 2 000 manat cərimə tətbiq edilib, qanunsuz ovlanmış siyənək balığına görə 132 manat ziyan hesablanıb. Xızı rayonunun Giləzi qəsəbəsində isə 1 000 manat cərimə tətbiq olunub, qarabel və siyənək balıqlarının ovuna görə 154 manat ziyan müəyyən edilib.

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində fevralın 6 və 11-də aşkarlanan faktlara görə hər bir halda 1 000 manat olmaqla cərimə kəsilib. Qadağan olunmuş nərə cinsli uzunburun, eləcə də bölgə və kütüm balıqlarının ovlanması nəticəsində ümumilikdə 1 424,5 manat ziyan dəydiyi müəyyən edilib.

Sumqayıtın H.Z. Tağıyev qəsəbəsi ərazisində iki fakt üzrə hərəsinə 1 000 manat cərimə tətbiq olunub, ovlanan kütüm və siyənəyə görə 99 manat ziyan hesablanıb.

Mingəçevir su anbarının sağ sahilində, Samux rayonunda qeydə alınan qanunsuz ov faktına görə 1 000 manat cərimə kəsilib, sıf və daban balıqlarının ovlanması nəticəsində 242 manat ziyan müəyyən olunub.

Kür çayının Tovuz rayonu ərazisində keçirilən reyd zamanı elektrik cərəyanı ilə balıq ovlanmasının üç faktı aşkarlanıb. Bu hallar üzrə 5 inzibati protokol tərtib edilib və 5 000 manat cərimə tətbiq olunub. Müxtəlif balıq növlərinə görə 792 manat ziyan hesablanıb, qanunsuz ov alətləri maddi sübut kimi götürülüb.

Sosial şəbəkələrdə yayılan məlumatlar əsasında Neftçalanın Mirqurbanlı kəndi ərazisində də yoxlamalar aparılıb. Baş Mil–Muğan kollektoru istiqamətində iki qanunsuz ov faktı aşkarlanıb və 2 000 manat cərimə tətbiq edilib.

Hazırda qeyd olunan ərazilərdə nəzarət tədbirləri davam etdirilir, dəymiş ziyanın ödənilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciətlər olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.